Səfir Rəşad İsmayılov Azərbaycan və Oman əməkdaşlığının perspektivli istiqamətlərini açıqlayıb

Azərbaycan və Oman investisiya əməkdaşlığının genişləndirilməsi və energetika, kənd təsərrüfatı, sənaye, logistika, səhiyyə, turizm və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensiala malikdir.
Bu barədə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılovun "Times of Oman" nəşri üçün məqaləsində qeyd olunub.
Diplomat qeyd edib ki, sürətlə dəyişən dünya şəraitində davamlı beynəlxalq tərəfdaşlıqlar yalnız diplomatik əlaqələr əsasında deyil, həm də qarşılıqlı etimad, ümumi maraqlar və gələcəyə dair vahid baxış sayəsində formalaşır.
Onun sözlərinə görə, Azərbaycan və Oman münasibətləri ardıcıl inkişaf edən və tədricən müasir strateji tərəfdaşlıq xarakteri alan iki dost dövlətin parlaq nümunəsidir.
Səfir vurğulayıb ki, Azərbaycan və Omanı fundamental xarici siyasət prinsipləri, o cümlədən suverenliyə hörmət, beynəlxalq hüquqa, dialoqa, mötədilliyə və qarşılıqlı faydalı əməkdaşlığa sadiqlik birləşdirir:
"Hazırda hər iki ölkə irimiqyaslı milli inkişaf proqramları həyata keçirir. "Oman Vision 2040" strategiyası və Azərbaycanın uzunmüddətli sosial-iqtisadi strategiyası şaxələndirilmiş, innovativ və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına yönəlib".
R.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika və enerji qovşağına çevrilib.
Bu prosesdə Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Limanı, "Ələt" azad iqtisadi zonası və müasir dəmir yolu infrastrukturu əsas rol oynayır.
"Oman, öz növbəsində, Əlahəzrət Sultan Heytəm bin Tariqin rəhbərliyi altında Duqm, Sohar və Salala limanlarının inkişafı sayəsində qlobal logistika mərkəzi kimi mövqelərini möhkəmləndirməyə davam edir. İki ölkənin nəqliyyat ekosistemləri arasında daha sıx qarşılıqlı fəaliyyət regional bağlılığın gücləndirilməsinə, tədarük zəncirlərinin şaxələndirilməsinə və Fars körfəzi dövlətlərini, Cənubi Qafqazı, Mərkəzi Asiyanı və Avropanı birləşdirən yeni kommersiya imkanlarının yaradılmasına kömək edə bilər", - o vurğulayıb.
Diplomatın sözlərinə görə, investisiya sahəsində də əhəmiyyətli potensial mövcuddur:
"Azərbaycan investorlara sabit makroiqtisadi mühit, müasir qanunvericilik bazası, sənaye parkları və azad iqtisadi zonalar təklif edir. Oman isə dünya səviyyəli infrastruktura, əlverişli investisiya siyasətinə və dinamik inkişaf edən özəl sektora malikdir".
Səfir turizmi ən perspektivli əməkdaşlıq istiqamətlərindən biri adlandırıb. Onun sözlərinə görə, Oman səyahətçiləri mənzərələri, zəngin tarixi irsi və qonaqpərvərlik ənənələri ilə cəlb edir:
"Azərbaycan, öz növbəsində, turistlərə Xəzər dənizinin sahillərini, dağ kurortlarını və zəngin multikultural tarixini təklif edə bilər".
Bundan əlavə, diplomat qeyd edib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin təmin edilməsi ikitərəfli gündəlikdə mühüm yer tutur:
"Azərbaycanın aqrar potensialı və Omanın investisiya prioritetləri qida istehsalı, aqrobiznes, kənd təsərrüfatı texnologiyaları və əkinçilik sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.