Kubanın paytaxtı Havana təxminən bir həftədir ki, elektrik təchizatında irimiqyaslı fasilələr şəraitindədir.
''The Daily Baku'' TASS-a istinadən xəbər verir ki, şəhər sakinləri həmçinin su təchizatının olmaması və mobil rabitənin işində fasilələrlə üzləşirlər.
Hakimiyyətin iyulun əvvəlində baş vermiş qəzadan sonra milli enerji sisteminin bərpa olunması barədə bəyanatına baxmayaraq, vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Yerli sakinlərin sözlərinə görə, yaşayış binalarına elektrik enerjisi bir-iki gün ərzində yalnız bir-iki saatlıq verilir.
Elektrik təchizatının olmaması səbəbindən evlərə su verən nasoslar işləmir. Bundan əlavə, buludlu hava son vaxtlar əhalinin bir hissəsi üçün alternativ enerji mənbəyinə çevrilmiş günəş panellərindən səmərəli istifadə etməyə imkan vermir.
Agentliyin qeyd etdiyinə görə, yanacaq çatışmazlığı səbəbindən şəhərdə zibillərin daşınması ilə bağlı da problemlər yaranıb. Bir çox dövlət qurumları və ofislər işini müvəqqəti dayandırıb.
Tibb müəssisələri də fasilələrlə fəaliyyət göstərir, belə ki, personalın bir hissəsi işə gedə bilmir, xəstəxanalar isə elektrik enerjisinin olmaması səbəbindən çətinlik çəkir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
