İran tərəfi bir razılaşmanın bütün ziddiyyətləri həll etməyəcəyini vurğulayıb

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İranla ədavəti bir razılaşmanın imzalanması ilə yox olmayacaq.
"The Daily Baku" xəbər verir ki, İ. Bəqai bunu "X" sosial şəbəkə hesabında yazıb.
"İran son 50 ilin təcrübəsini, xüsusən son bir il yarımın hadisələrini nəzərə alaraq, hər bir addımı diqqətlə atacaq", - o bildirib.
Bəqainin fikrincə, Amerikanın hakim dairələri İran xalqına münasibətdə heç vaxt dürüstlük nümayiş etdirməyib. "Belə bir etimadsızlıq üçün bütün əsasları olan İran xoş niyyətlə diplomatik prosesə qoşulub və müharibənin dayandırılması haqqında memorandum imzalayıb", - XİN sözçüsü xatırladıb.
Onun sözlərinə görə, ABŞ rəsmilərinin müharibənin dayandırılması haqqında memoranduma dair ziddiyyətli bəyanatları İranın etimadsızlığını azaltmağa kömək etməyəcək:
"Amerikanın hakim dairələri yadda saxlamalıdır ki, "öhdəliyə qarşı öhdəlik" prinsipi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini və memorandumun aydın mətninə tamamilə zidd olan şərhlərdən qaçınmağı nəzərdə tutur".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.