Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir

Ukrayna Azərbaycanla enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti bu həftə Azərbaycana səfər zamanı transformator avadanlıqlarının istehsal olunduğu "ATEF Group" müəssisəsini ziyarət edib.
"Şirkət rəhbərliyi ilə qarşıdan gələn istilik mövsümünə hazırlığı və Ukraynanın enerji sisteminin ehtiyaclarını müzakirə etdik. Əsas prioritetlər transformatorlar, generatorlar, həmçinin Rusiyanın mümkün hücumlarından sonra enerji obyektlərinin sürətli bərpası üçün kritik əhəmiyyətli avadanlıq ehtiyatının yaradılmasıdır", - nazir qeyd edib.
Şmıqal bildirib ki, tərəflər həmçinin enerji infrastrukturunun qorunması məsələlərini müzakirə ediblər: "Biz enerji obyektlərinin dayanıqlığının artırılması üçün yeni həllər və texnologiyalar axtarışındayıq, bu sahədə mümkün mühəndislik yanaşmalarını müzakirə etdik".
Nazir vurğulayıb ki, Azərbaycan enerji sektorunda Ukraynanın mühüm tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, ötən qış Azərbaycan tərəfi Ukraynaya generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik əhəmiyyətli avadanlıqlar təqdim edib.
"Ümumilikdə (2022-ci ildən - red.) Azərbaycan Ukraynaya enerji sahəsində 11 yardım paketi təqdim edib", - o yazıb.
Şmıqal həmçinin Ukraynanın ardıcıl olaraq dəstəklənməsinə və ölkənin enerji sisteminin dayanıqlığının gücləndirilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.