Zeyna Əl-Zeyn davamlı şəhərsalma həllərindən danışıb

Ərəb dünyası ölkələri iqlim riskləri, su qıtlığı və sürətli urbanizasiya fonunda təbiətyönümlü həlləri dayanıqlı şəhər inkişafının əsas aləti kimi təşviq edirlər.
Bu barədə Misirin "Capital" Universitetinin Memarlıq və şəhərsalma kafedrasının dosenti Zeyna Əl-Zeyn Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, xüsusən də ərəb regionu ölkələri şəhərlərin sürətli böyüməsi, iqlim dəyişiklikləri, su resurslarının çatışmazlığı, ekoloji deqradasiya, bəzi hallarda isə silahlı münaqişələr və əhalinin məcburi şəkildə köçürülməsi kimi problemlərlə üzləşirlər.
Əl-Zeyn xatırladıb ki, İslam İnkişaf Bankı UN-Habitat ilə birlikdə ərəb regionunda şəhər və iqlim çağırışlarının həlli üçün praktik və miqyaslana bilən yanaşmaların təşviqinə yönəlmiş yeni birgə nəşr təqdim edib.
O qeyd edib ki, tədqiqatın məqsədi təkcə məlumat toplamaq deyil, həm də yerli xüsusiyyətlər nəzərə alınmaqla təbiətyönümlü həllər konsepsiyasının regional anlayışını formalaşdırmaq olub.
Əl-Zeynin sözlərinə görə, nəşrdə dörd əsas kateqoriya - su resurslarının idarə edilməsi və dayanıqlılıq; sahil və dəniz ekosistemlərinin bərpası; şəhərlərin yaşıllaşdırılması və iqlim dəyişikliyinə adaptasiya; eləcə də aqroekologiya və torpaqdan dayanıqlı istifadə - vurğulanıb.
"Bu istiqamətlər region şəhərlərinin real prioritetlərini - su qıtlığı, şəhərlərin həddindən artıq istiləşməsi və daşqınlarla mübarizəni, ekosistemlərin bərpasını və həyat keyfiyyətinin yaxşılaşdırılmasını əks etdirir", - o bildirib.
Ekspert həmçinin qeyd edib ki, bir çox təbiətəyönümlü yanaşmalar tarixi olaraq ərəb dünyasında tətbiq edilib: "Məsələn, Omanda su resurslarının idarə edilməsi sistemləri, Mərakeşdə ənənəvi su paylama kanalları və Əlcəzairdə iqlimə davamlı təcrübələr buraya daxildir".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.