Yıldız Deveci Bozkuş :Konstitusiya məsələsi sülhün taleyini müəyyən edən əsas mərhələdir
Ermənistan–Azərbaycan sülh prosesinin hazırkı mərhələsində konstitusiya məsələsi əsas açar mövzulardan biri olaraq qalır.
Bu fikirləri "The Daily Baku" ya Ankara Universitetinin professoru, ermənişünas Yıldız Deveci Bozkuş bildirib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların mövcudluğu sülh sazişinin gələcək taleyi baxımından ciddi hüquqi və siyasi risklər yaradır. “Bu müddəalar aradan qaldırılmadan imzalanacaq hər hansı sənəd uzunmüddətli və dayanıqlı sülh üçün yetərli hüquqi zəmin formalaşdırır. Azərbaycan tərəfinin bu məsələdə prinsipial mövqeyi də məhz buradan qaynaqlanır”, – deyə o qeyd edib.
Yıldız Deveci Bozkuş bildirib ki, müharibədən sonrakı dövrdə Ermənistanda daxili siyasi mühit mürəkkəb olsa da, hakimiyyət bir sıra əvvəl mümkün görünməyən dəyişiklikləri gündəmə gətirib. Xüsusilə dövlət rəmzləri və tarixi narrativlərlə bağlı atılan addımlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Ekspertin fikrincə, bu proseslər cəmiyyəti daha böyük institusional dəyişikliklərə psixoloji baxımdan hazırlamaq məqsədi daşıyır.
“Son illərdə müşahidə olunan bu yanaşma onu göstərir ki, Ermənistan siyasi sistemində müəyyən transformasiya cəhdləri var. Konstitusiya və qanunvericilik səviyyəsində islahatlar da bu məntiqin davamı kimi gündəmə gələ bilər. Bu, təkcə daxili siyasi məsələ deyil, eyni zamanda regionda normallaşma prosesinin tərkib hissəsidir”, – deyə professor vurğulayıb.
Ekspert qeyd edib ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivi bu prosesə əlavə stimul verir. Bununla yanaşı, daxili müxalifət və diaspor qruplarının təzyiqləri də nəzərə alınmalı amillər sırasındadır. Lakin regional əməkdaşlığın və iqtisadi imkanların genişlənməsi bu xəttdən geri çəkilməyi çətinləşdirir.
Yıldız Deveci Bozkuşun sözlərinə görə, indiyədək atılan addımlar prosesin ardıcıl şəkildə davam etdiyini göstərir: “Cəmiyyət dəyişikliklərə tədricən hazırlanır. Siyasi iradə və ictimai dəstək kifayət qədər formalaşdığı anda konstitusiya məsələsi daha açıq şəkildə gündəmə gətirilə bilər”.
Professor əlavə edib ki, bu mövzu ABŞ-də imzalanan TRIPP razılaşması fonunda da xüsusi əhəmiyyət qazanır. “Regional layihələr və beynəlxalq razılaşmalar kontekstində konstitusiya məsələsi sadəcə daxili hüquqi sənəd deyil, sülh prosesinin ayrılmaz hissəsinə çevrilir”, – deyə o bildirib.
Sonda ekspert vurğulayıb ki, qarşıdakı parlament seçkiləri Ermənistanın siyasi kursu və regionda sülh perspektivləri baxımından həlledici mərhələ olacaq. “Konstitusiya məsələsi hələ də cəmiyyət daxilində ən həssas mövzulardan biridir. Böyük ehtimalla bu məsələ seçkilərdən sonra daha konkret formada müzakirəyə çıxarılacaq”, – deyə Yıldız Deveci Bozkuş fikrini tamamlayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.