"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ictimai nəqliyyatda ilk dəfə olaraq "SİMA Pay" – üztanıma ödəniş sisteminin tətbiqinə başlayıb.
"The Daily Baku" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Sərnişinlər artıq bu sistem vasitəsilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və Koroğlu dayanacağındakı turniketlərdən sürətli və daha rahat keçid edə biləcəklər.
Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.
Dünyanın qabaqcıl ölkələrinin "Face Pay" təcrübəsinin Azərbaycanda "SİMA Pay" rəqəmsal ekosistemi və "ADY Mobile"ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
