Xəyal Bəşirov: Azərbaycan 30 illik ədalətsizliyə baxmayaraq sülh üçün bütün hüquqi və diplomatik yolları sınayıb

Azərbaycan təxminən 30 il ərzində böyük bir münaqişə, açıq ədalətsizlik və beynəlxalq hüququn işləmədiyi bir reallıqla üz-üzə qalıb. Bu müddət ərzində Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün diplomatik və hüquqi vasitələrdən istifadə etməyə çalışıb.
Bunu "The Daily Baku" - ya açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə,Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn bütün əsas mexanizmləri mövcud idi: BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Baş Assambleyanın qəbul etdiyi sənədlər, ATƏT-in qərarları, eləcə də beynəlxalq təşkilatların çoxsaylı bəyanatları Azərbaycanın haqlı mövqeyini açıq şəkildə təsdiqləyirdi. “Bu sənədlərin hamısı Ermənistanın işğalçı tərəf olduğunu və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu göstərirdi. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət bu sənədlərin icrası üçün real addımlar atmadı,” – deyə Xəyal Bəşirov vurğulayıb.
Onun sözlərinə görə, məhz bu hüquqi ədalətsizlik fonunda İkinci Qarabağ müharibəsi baş verdi. “Amma Azərbaycan bu müharibəni təkcə ərazi azadlığı kimi deyil, bütövlükdə münaqişənin yaratdığı bütün siyasi, hüquqi və təhlükəsizlik problemlərinin həlli kimi qiymətləndirdi,” – deyə ekspert bildirib.
Xəyal Bəşirov qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi ilə ərazi bütövlüyünü təmin etdi, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə isə suverenliyini tam bərpa etdi. Bununla paralel olaraq, keçmiş münaqişə dövründə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün hüquqi proseslər başladıldı.
Ekspertin sözlərinə görə, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesləri tam şəffaf və beynəlxalq hüquq normalarına uyğun aparılıb. “Söhbət sülh və insanlıq əleyhinə cinayətlərdən, müharibə cinayətlərindən, terrorçuluqdan və təcavüzkar müharibənin aparılmasından gedir. Bu cinayətlər dünyanın istənilən ölkəsində ən ağır cinayətlər sayılır,” – deyə o bildirib.
Xəyal Bəşirov vurğulayıb ki, Araik Arutyunyan başda olmaqla qondarma rejimin rəhbərliyində təmsil olunmuş şəxslərin məsuliyyətə cəlb olunması Azərbaycan tarixində unikal hüquqi presedent yaradıb. Onun sözlərinə görə, məhkəmə prosesləri zamanı təqsirləndirilən şəxslərin bütün hüquqları təmin olunub, qərarlar isə sübutlara və qanuna əsaslanıb.
Ekspert bildirib ki, bu gün Azərbaycan–Ermənistan münasibətlərində faktiki olaraq sülh mövcuddur. “Sülhün siyasi möhürü artıq 8 avqust 2025-ci ildə Vaşinqtonda vurulub. Amma sülh sazişinin hüquqi cəhətdən tamamlanması üçün Ermənistanın Konstitusiyasında dəyişikliklər edilməlidir,” – deyə o qeyd edib.
Onun fikrincə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülh sazişinin imzalanmasına əsas maneədir. “Əgər bir dövlətin əsas qanununda başqa dövlətə qarşı ərazi iddiası varsa, həmin dövlətlə imzalanacaq sülh sənədi real və davamlı ola bilməz,” – deyə Xəyal Bəşirov vurğulayıb.
Ekspert sonda bildirib ki, Azərbaycan bu məsələdə mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib və bu mövqe beynəlxalq hüquqa tam uyğundur. “Azərbaycan Prezidenti İlham Əliyev üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Bu gün Azərbaycan təkcə ərazi bütövlüyünü deyil, tarixi və hüquqi ədaləti də bərpa edib. Bu yanaşma həm region, həm də beynəlxalq ictimaiyyət üçün nümunədir,” – deyə o əlavə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.