ABŞ və Ukrayna arasında aparılan danışıqlar real sülhün əldə edilməsinə deyil, daha çox siyasi mesajların verilməsinə xidmət edir. Əsas problem Rusiyanın prosesdə birbaşa iştirak etməməsi və tərəflərin hələ də qarşılıqlı güzəştlərə hazır olmamasıdır.
“The Daily Baku” xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Aleksandr Oxrimenko ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılan danışıqları şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, hazırkı mərhələdə bu proses daha çox siyasi kommunikasiya xarakteri daşıyır: “Bəli, müəyyən mərhələdə 20 maddəlik plan üzrə razılıq əldə oluna bilər. Amma sual budur: sonra nə olacaq? Sənəd Kremlə təqdim ediləcək və Rusiya onu qəbul etməsə, proses dalana dirənəcək.”
Aleksandr Oxrimenko qeyd edib ki, ABŞ tərəfi də bu riskləri anlayır və məhz buna görə prosesə ehtiyatla yanaşır. Onun sözlərinə görə, Vaşinqton sülhün tərəfdarıdır və açıq şəkildə bildirir ki, sülh istəyir, lakin bunun dərhal mümkün olacağına tam əmin deyil. Bu baxımdan, hazırkı danışıqlar daha çox siyasi mesaj xarakteri daşıyır.
Ekspert bildirib ki, hazırda ən həssas məsələ ərazi məsələsidir. Ukrayna üçün bu, son dərəcə ağrılı mövzudur, Rusiya isə məhz bu istiqamətdə israr edir. “Real danışıqlar yalnız Kiyev və Moskva birbaşa masa arxasına əyləşdiyi zaman mümkün ola bilər. Hazırda ABŞ-ın vasitəçilik cəhdləri var. Amerika nümayəndələri bir tərəfdən Rusiya, digər tərəfdən isə Ukrayna ilə danışıqlar aparır. Lakin bu proses çox vaxt aparır və real nəticələr dərhal görünmür”, – deyə Oxrimenko vurğulayıb.
Ekspert hesab edir ki, müharibənin yaxın zamanda başa çatacağına dair nikbin gözləntilər hələlik əsaslı deyil: “Ukrayna müharibənin tez bitməsini istəyir, amma reallıqda tərəflər güzəştə getməyə hazır deyil. Rusiya geri çəkilmir, Ukrayna da mövqeyindən imtina etmir. Bu isə münaqişənin uzanmasına səbəb olur.”
Aleksandr Oxrimenko bildirib ki, Avropa ölkələri Ukraynaya maliyyə dəstəyi göstərməyə davam edir və bu, Kiyevə müharibəni davam etdirmək imkanı verir. Lakin onun sözlərinə görə, bu yardım daha çox hərbi məqsədlərə yönəlib, bərpa və iqtisadi inkişafla bağlı vədlər isə hələlik real mexanizmlərə çevrilməyib.
“Hazırda Ukraynaya müharibə üçün vəsait tapılır, lakin bərpa və inkişaf üçün real investisiyalar yoxdur. Bu istiqamətdə səslənən rəqəmlər daha çox siyasi bəyanatlardır”, – deyə ekspert qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ukraynali-ekspert-real-sulh-hele-uzaqdadir
