TÜRKPA Qazaxıstandakı referendumun standartlara uyğun keçirildiyini açıqlayıb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçiləri Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçirilən respublika referendumunu müsbət qiymətləndiriblər.
“The Daily Baku”nun Qazaxıstan bürosunun Kazinforma istinadən verdiyi məlumata görə, bunu TÜRKPA müşahidə missiyasının tərkibinə daxil olan Osman Mesten bildirib.
Onun sözlərinə görə, missiya nümayəndələri Astana, Almatı və Türküstan şəhərlərində 115 seçki məntəqəsinə baş çəkib və səsvermə prosesinin peşəkar şəkildə, yüksək səviyyədə təşkil olunduğu qənaətinə gəliblər.
O.Mesten qeyd edib ki, seçicilərə bütün zəruri məlumatlar təqdim olunub və referendumun nəticələrinə təsir edə biləcək hər hansı ciddi pozuntu qeydə alınmayıb.
Türkiyə parlamentinin üzvü həmçinin vurğulayıb ki, missiya sağlamlıq imkanları məhdud şəxslərin səsvermədə iştirak etməsi üçün yaradılan şəraiti, eləcə də beynəlxalq müşahidəçilərin fəaliyyətini təmin edən hüquqi mexanizmləri yüksək qiymətləndirir.
Onun sözlərinə görə, TÜRKPA müşahidəçiləri 2026-cı il martın 15-də keçirilən referendumun Qazaxıstanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə baş tutduğu qənaətinə gəliblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.