Tunisli nazir şəhərsalma əməkdaşlığının gücləndirilməsindən danışıb

Tunis Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının Bakıda keçirilməsinə görə Azərbaycana və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkür edib.
Bu barədə Tunis Respublikasının mənzil tikintisi naziri Salah Zuari Bakıda WUF13 çərçivəsində UN-Habitat və Səudiyyə Ərəbistanının "Alwaleed Philanthropies" fondu arasında tərəfdaşlıq sazişinin imzalanması mərasimində bildirib.
"Mən Azərbaycan hökumətinə və UN-Habitat-a bu qlobal forumun uğurla keçirilməsi istiqamətində göstərdikləri yaxşı təşkilatçılığa, qonaqpərvərliyə və davamlı səylərə görə səmimi təşəkkürümü bildirirəm", - nazir qeyd edib.
Zuari vurğulayıb ki, Tunis WUF13-də iştirakından qürur duyur və forumu urbanizasiyanın aktual çağırışlarının müzakirəsi üçün mühüm beynəlxalq platforma hesab edir.
"Ümumdünya Şəhərsalma Forumu demoqrafik, iqtisadi və iqlim dəyişiklikləri şəraitində urbanizasiyanın artan çağırışlarının müzakirəsinə həsr olunmuş ən vacib beynəlxalq platformalardan biridir", - o bildirib.
Nazirin sözlərinə görə, forumda iştirak şəhərlərin gələcəyi ilə bağlı ümumi baxışın işlənib hazırlanması üçün hakimiyyət və beynəlxalq qurumların nümayəndələrini bir araya gətirməyə imkan verir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.