ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxal edilən mallara 10% rüsumun tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.
''The Daily Baku''nun xəbərinə görə, o bu barədə "Truth Social" səhifəsində paylaşım edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, Oval kabinetdə bütün ölkələr barəsində 10% qlobal rüsum tətbiq edən fərman imzalayıb və bu, dərhal qüvvəyə minəcək.
Bəyanata əsasən, ABŞ-də idxala əlavə 10%-lik rüsum fevralın 24-dən qüvvəyə minəcək və 150 gün müddətində qüvvədə qalacaq.
Həmçinin qeyd edilir ki, əlavə rüsum müəyyən vacib mineralların, enerjidaşıyıcıların, təbii sərvətlərin, ölkə ərazisində istehsal olunmayan gübrələrin, bəzi kənd təsərrüfatı məhsullarının, əczaçılıq məhsullarının, bəzi elektronika növlərinin, avtomobillərin və digər nəqliyyat növlərinin, eləcə də aerokosmik sənayedə istifadə olunan məhsulların idxalına şamil edilməyəcək. Bundan əlavə, ABŞ-yə milli təhlükəsizlik məhsullarının idxalı, eləcə də ABŞ-Meksika-Kanada üçtərəfli ticarət sazişində (USMCA) idxalı nəzərdə tutulan malların idxalı əlavə rüsumdan azad olunub.
Eyni zamanda Ağ Evin saytında fevralın 20-də dərc edilmiş bəyanata əsasən, ABŞ həmçinin Ali Məhkəmənin müvafiq qərarından sonra bəzi gömrük rüsumlarını da ləğv edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
