Tofiq Zülfüqarov: Azərbaycan regionda hərbi eskalasiyanın deyil, siyasi dialoqun tərəfdarıdır - MÜSAHİBƏ

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza planlaşdırılan səfəri Vaşinqtonun regionda sülh və strateji sabitliyə verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilir. Səfər avqust razılaşmalarının icrası, TRIPP layihəsinin praktik mərhələyə keçidi və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına siyasi təkan məqsədi daşıyır. Eyni zamanda, ABŞ-İran gərginliyi fonunda Cənubi Qafqazın təhlükəsizlik və logistika baxımından artan rolu xüsusi önəm kəsb edir. Gündəmin daha dərindən təhlili məqsədilə “The Daily Baku” Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovdan müsahibə götürüb.
- Tofiq müəllim, necə düşünürsüz Cey Di Vensin Cənubi Qafqaza səfərinin əsas geosiyasi məqsədi nədir və ABŞ - ın artan fəallığı Ermənistanı yekun sülh sazişinə daha yaxın addımlar atmağa real şəkildə təşviq edə bilərmi? Bu səfər regionda yeni güc balansının formalaşmasına necə təsir göstərə bilər?
- ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri ötən ilin avqustun 8-də əldə olunmuş razılaşmaların icrası ilə birbaşa bağlıdır. Həmin razılaşmalar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını və bu istiqamətdə konkret addımların atılmasını nəzərdə tutur. Xüsusilə təhlükəsizlik və strateji əməkdaşlıq xartiyası üzrə danışıqlara başlanması, təxminən altı ay ərzində bu sənədin razılaşdırılıb qəbul edilməsi əsas hədəflər sırasındadır.
Eyni zamanda TRIPP layihəsinin yekunlaşdırılması və onun praktik mərhələdə regionda yolların və kommunikasiya xətlərinin bərpası istiqamətində icrasına başlanılması üçün artıq vaxtın yetişdiyi vurğulanır. ABŞ Prezidenti Donald Trampın da qeyd etdiyi kimi, Cey Di Vensin regiona səfərinin məqsədi məhz bu razılaşmaların həyata keçirilməsinə əlavə siyasi təkan verməkdir.
İstisna edilmir ki, səfər çərçivəsində Bakıda da bir sıra sənədlər imzalansın və mühüm bəyanatlar səsləndirilsin. Bu baxımdan səfər təkcə diplomatik xarakter daşımır, həm də konkret nəticələr gözlənilən mərhələ kimi qiymətləndirilir.
Digər mühüm məqamlardan biri Sülh Şurasının roludur. Davosda bu təşəbbüsə imza atan dövlətlərin əksəriyyəti bu və ya digər şəkildə Orta Dəhlizlə bağlı ölkələrdir. Bu kontekstdə istisna olunmur ki, Sülh Şurasının fəaliyyəti məhz indiki mərhələdə xüsusi əhəmiyyət kəsb edən Orta Dəhlizin inkişafına ABŞ administrasiyasının dəstəyi ilə daha da güclənsin.
Mövcud geosiyasi proseslər: şimalda Rusiya–Ukrayna müharibəsi, cənubda isə İran ətrafında artan gərginlik və mümkün hərbi risklər göstərir ki, Cənubi Qafqaz getdikcə Avrasiya məkanını birləşdirən mühüm bir koridora çevrilir. TRIPP layihəsi də bu böyük proseslərin tərkib hissəsi kimi digər istiqamətlər üzrə fəaliyyətin daha fəal aparılmasına ciddi təkan verəcək.
- Sizcə ABŞ və İran arasında gərginlik real hərbi toqquşmaya çevrilə bilərmi, yoxsa tərəflər son anda diplomatik çıxış yolu tapmağa çalışacaqlar? Əgər qarşıdurma baş verərsə, İranın ABŞ-ın regiondakı hərbi bazalarını hədəf alması nə dərəcədə mümkündür və belə bir ssenari Yaxın Şərqdən kənara – xüsusilə Cənubi Qafqaza hansı təhlükəsizlik risklərini daşıya bilər?
-İranda vəziyyət kifayət qədər gərgindir. Məlumdur ki, ABŞ İran rəhbərliyi qarşısında bir neçə şərt irəli sürüb və bu şərtlər mahiyyət etibarilə daha çox ultimatum xarakteri daşıyır. Açıq şəkildə səsləndirilən tələblərdən biri İranın nüvə proqramı ilə bağlıdır.

Digər mühüm məsələ balistik raketlərin istehsalının dayandırılması və onların gələcəkdə istifadə olunmamasıdır. Bundan əlavə, açıq formada ifadə olunmasa da, gündəmdə olan daha bir vacib tələb İranın daxili idarəetmə strukturunun dəyişdirilməsidir.
Bildiyiniz kimi, İranın idarəetmə modeli bir çox ölkələrdən fərqlənir. Burada klassik dövlət idarəçiliyi ilə yanaşı, teokratik – dini strukturların dövlətin idarə olunmasında birbaşa iştirakı mövcuddur. Prezident formal olaraq seçkilərlə müəyyənləşdirilsə də, real səlahiyyətlərin böyük hissəsi ali dini rəhbərin əlində cəmlənib. Bu baxımdan dini rəhbərə bağlı strukturlar, xüsusilə İnqilab Keşikçiləri mühüm rol oynayır.
Onların öz ordusu, təhlükəsizlik xidmətləri, iqtisadi və maliyyə qurumları var. Məhz bu ikili idarəetmə sistemi zamanla İranı bir çox sahələrdə böhrana sürükləyib. ABŞ-ın tələblərindən biri də bu modelə son qoyulması, dinin dövlət idarəçiliyində özünə məxsus, məhdud bir yer tutmasıdır. Bir çox mütəxəssislərin fikrincə, ABŞ bu məsələdə israrlıdır və konkret nəticələr əldə etmək üçün siyasi iradəsini açıq şəkildə nümayiş etdirir.

İdarəetmə strukturunun dəyişdirilməsi məsələsi İranın daxilində də müəyyən dəstək tapır. Son dövrlərdə baş verən etiraz aksiyaları, nümayişlər və onların ağır nəticələri göstərir ki, cəmiyyətin bir hissəsi artıq mövcud ikili idarəetmə sistemindən narazıdır. İnsanlar bu modelə son qoyulmasını istəyir və daxili siyasi proseslərin də məhz bu istiqamətdə inkişaf etdiyini görürük. Bu, olduqca vacib bir məqamdır və ehtimal olunur ki, bu sahədə də müəyyən nəticələr ortaya çıxacaq.
Azərbaycana gəldikdə isə, təbii ki, biz regionda vəziyyətin gərginləşməsindən və hərbi əməliyyatların mümkün bərpasından narahatıq. Bir çox mütəxəssislər hesab edir ki, genişmiqyaslı hərbi qarşıdurma baş verərsə, qaçqın axını yarana bilər. Hətta bəzi proqnozlara görə, bu proses bir neçə milyon insanı əhatə edə bilər. Bu isə demək olar ki, humanitar fəlakətə bərabər bir vəziyyət yarada bilər.
Bu baxımdan Azərbaycanın istəyi və ictimai mövqeyi aydındır: mövcud problemlər sülh yolu ilə, siyasi dialoq və danışıqlar vasitəsilə həll olunmalıdır. Gündəmdə olan mümkün dəyişikliklərin qan tökülmədən, toqquşmalar olmadan baş verməsi arzu edilir. Azərbaycan hər zaman olduğu kimi, öz qonşularına və orada yaşayan, bizə dini, etnik və tarixi baxımdan yaxın olan insanlara sülh, sabitlik və əmin-amanlıq arzulayır
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.