Sükan hələ də səndədir - Adaptiv və ya kruiz kontrol avtopilot demək deyildir: "THE DAILY BAKU"-nun araşdırması

Son illər sürücülər arasında avtopilot deyilən anlayış çox yayılıb, amma çox hallarda iki fərqli sistem bir ad altında qarışdırılır. Birincisi klassik kruiz kontrol - yəni avtomobilin sürətini sabit saxlayan sistem, ikincisi isə adaptiv kruiz kontrol və zolaq tanıma kimi funksiyaların birləşməsi ilə yaranan, daha inkişaf etmiş köməkçi sistemlərdir. Bu fərq başa düşülməyəndə həm gözlənti yanlış olur, həm də risk artır - çünki bu sistemlərin heç biri tam avtopilot idarəetmə demək deyil.
Klassik kruiz kontrol əsasən magistral yollarda rahatlıq üçün düşünülüb - sürücü bir sürət seçir, avtomobil qazı özü idarə edərək həmin sürəti saxlayır, amma qarşıdakı avtomobillə ara məsafəsi hesablamır. Bu səbəbdən klassik kruiz kontrol nə təhlükəsizlik sistemi sayılır, nə də sürücünün diqqətini əvəz edir, sadəcə uzun yolda yorğunluğu azaldan bir funksiyadır.
Adaptiv kruiz kontrol isə radar və kamera kimi sensorlarla işləyir, qarşıdakı nəqliyyat vasitəsini görür, məsafəni saxlayır, lazım olanda sürəti azaldır və bəzən tam dayanır. Bazarda bu paketlər çox vaxt avtopilot kimi reklam olunur, amma beynəlxalq təsnifata görə bu yalnız sürücüyə kömək edən avtomatlaşdırmadır və sürücü tərəfindən daim nəzarətdə qalmalıdır.
Amma adaptiv kruiz kontrol və zolaq tanıma funksiyaları olan maşında bir psixoloji tələ var. Sürücü özünü sərnişin kimi hiss etməyə başlayır, diqqət yayına bilir, telefonla məşğul olur, göz yoldan qaçır və sistemin hər şeyi edəcəyini düşünür. Halbuki bu sistemlər məhdudiyyətlərlə işləyir, kəskin döngə, zəif nişanlanma, kəskin hava dəyişməsi, çirkli sensorlar, gözlənilməz manevrlər və dar yollar bu funksiyaları asanlıqla çaşdıra bilər.
Sistem getdikcə daha geniş yayılmaqdadır. 2015-ci ildə təxminən 5 faizə yaxın kontrol funksiyalı avtomobil istehsal olunurdusa, 2024-cü ildə bu rəqəm 68 faizə çatıb. Avropa və ABŞ kimi böyük bazarlarda istehsalçılar sürücünü tədricən daha çox bu cür sistemlərlə əhatə edir, amma məqsəd avtopilot deyil, qəza riskini azaltmaq və sürücü səhvini kompensasiya etməkdir.
Azərbaycanda bir neçə səbəbdən adaptiv və sadə kruiz kontrolun tam tətbiqi hələ tam həyata keçirilə bilmir. Birincisi - maşın bazarında hələ də ikinci, üçüncü əl avtomobillər çoxdur və bu maşınlarda ADAS sistemləri bəzən əvvəlki qəzadan sonra düzgün kalibrovka olunmur və ya ön şüşə dəyişəndə kamera bucağı cüzi pozulur. Sürücü bunu hiss etməyə bilər, amma adaptiv kruiz kontrol sisteminin kritik qərarları bu səbəblərdən gecikə bilər. İkincisi - sürücülərin bu sistemlər barədə hələ tam məlumatı yoxdur. Avtopilot sözünü eşidən kimi bəzi sürücülər bunu birbaşa sürücüsüz idarəetmə kimi xarakterizə edir, halbuki istehsalçının təlimatı tam əksini deyir - sürücü sükanı buraxmamalı, diqqətini itirməməlidir.
Yəni adaptiv kruiz kontrol və zolaq tanıması olan avtomobil həm rahatlığı artırır, həm də bəzi riskləri azalda bilir, amma hələlik yalnız bir şərtlə - sürücü bunu avtopilot kimi deyil, köməkçi kimi qəbul etməlidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.