Siyasi şərhçi: Azərbaycanın Sülh Şurasında iştirakı qlobal təhlükəsizlik arxitekturasında yeni rol deməkdir

Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə ilkin olaraq Qəzza münaqişəsində sülhün əldə olunması məqsədilə təsis edilsə də, bu qurumun beynəlxalq təşkilat kimi fəaliyyət göstərəcəyi və gələcəkdə yeni qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında rol oynayacağı gözlənilir. Bu baxımdan ABŞ-ın Sülh Şurasında Azərbaycanın təmsil olunmasında maraqlı olması heç də təsadüfi deyil.
Bu fikirləri "The Daily Baku" - ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, bəzi dövlətlər Şuraya daha çox təmsilçilik sayı naminə cəlb olunsa da, Azərbaycan tamamilə fərqli statusda dəvət edilib:
“Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Sülh Şurasına sırf formal iştirak üçün deyil, qurumun fəaliyyətinin effektivliyini təmin etmək və qlobal təhlükəsizliyin gücləndirilməsinə real töhfə vermək məqsədilə dəvət olunub. Bu, Azərbaycanın regional deyil, artıq qlobal aktor kimi qəbul edildiyini göstərir”.
Asif Nərimanlı qeyd edib ki, Şuranın cari mərhələdə əsas diqqət ayıracağı Qəzza məsələsində Azərbaycan mühüm birləşdirici missiya yerinə yetirə bilər: “Azərbaycan Qəzza münaqişəsinin birbaşa tərəfləri olan İsrail və Fələstinlə, eyni zamanda prosesdə aktiv rol oynayan Türkiyə və ərəb ölkələri ilə yüksək səviyyəli münasibətlərə malikdir. Bu amil Azərbaycana bütün tərəfləri vahid mövqedə birləşdirmək və Donald Trampın Qəzza üzrə sülh planının reallaşmasına töhfə vermək imkanı yaradır”.
Şərhçinin fikrincə, bu missiya Azərbaycanın Yaxın Şərq siyasətində də yeni imkanlar açacaq: “Xüsusilə region ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından Azərbaycan üçün yeni perspektivlər formalaşır. Azərbaycan təkcə vasitəçi deyil, etibarlı dialoq platforması kimi çıxış edə bilər”.
Asif Nərimanlı vurğulayıb ki, Azərbaycanın həm Cənubi Qafqazda sülhün əldə olunması, həm də qlobal həmrəyliyin təşviqi sahəsində formalaşdırdığı təcrübə beynəlxalq təhlükəsizliyin təmin edilməsində xüsusi əhəmiyyət daşıyır: “2020-ci ildə qlobal pandemiya böhranı zamanı bir çox böyük dövlətlər proseslərdən kənara çəkilsə də, Azərbaycan beynəlxalq həmrəyliyin təmin edilməsi üçün mühüm təşəbbüslərlə çıxış etdi və buna nail oldu. Avropa və Asiya ölkələrinin pandemiyaya qarşı mübarizədə ortaq mövqedən çıxış etməsi, vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı BMT tərəfindən dəstəklənən təşəbbüslər buna nümunədir”.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sülh dövrünü inşa edən dövlət kimi geosiyasi maraqlar uğrunda aparılan rəqabətdə də hər zaman birləşdirici mövqe nümayiş etdirib: “Bakı dialoq məkanı rolunu oynayıb, qarşıdurma deyil, əməkdaşlıq platforması yaradıb. Bu yanaşma Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasının qurulmasına real töhfə verə biləcəyini göstərir”.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan Sülh Şurası çərçivəsində qlobal miqyaslı yeni təşəbbüslərlə də çıxış edə bilər: “Məsələn, dinlərarası dialoqun inkişafı, multikulturalizmin təşviqi kimi qlobal təhlükəsizlik üçün vacib olan məsələlər Azərbaycanın üzərinə götürə biləcəyi istiqamətlərdir. Bu, həm Azərbaycanın Sülh Şurasının intellektual və siyasi mərkəzlərindən birinə çevirə, həm də Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirə bilər”.
Asif Nərimanlı sonda bildirib ki, Azərbaycanın Sülh Şurasında aparıcı rolu artıq formalaşmaqda olan yeni dünya nizamında ölkəmizin məsuliyyətli və etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.