Siyasi şərhçi : Azərbaycan dünyaya göstərdi ki, ədaləti təkbaşına bərpa etmək mümkündür

Azərbaycan mövcud beynəlxalq reallıqlar fonunda ədalətin bərpası uğrunda sona qədər mübarizə aparmağın və bunu heç bir xarici hərbi müdaxilə olmadan təmin etməyin real nümunəsini yaradıb. İndiyədək dünyada münaqişələrin həlli və müharibələrin dayandırılması əsasən daha güclü üçüncü tərəflərin vasitəçiliyi və ya beynəlxalq ictimaiyyətin birbaşa dəstəyi ilə mümkün olub.
Bunu "The Daily Baku" - ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Şərhçi qeyd edib ki, müharibə cinayətləri törətmiş şəxslərin cəzalandırılması da əksər hallarda beynəlxalq tribunal və mexanizmlər vasitəsilə həyata keçirilib. “Keçmiş Yuqoslaviya münaqişələrini xatırlasaq görərik ki, həmin dövrdə hərbi cinayətkarların bir qisminin ədalət qarşısına çıxarılması yalnız beynəlxalq dəstək hesabına mümkün olmuşdu. Tarixdə buna bənzər nümunələr kifayət qədərdir,” – deyə Asif Nərimanlı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan bu mənada nadir ölkələrdən biridir. “Azərbaycan torpaqlarını təkbaşına azad etdi, münaqişəyə özü son qoydu və Birinci və İkinci Qarabağ müharibələri zamanı xalqımıza qarşı ağır cinayətlər törətmiş şəxsləri milli məhkəmələr qarşısında cavab verməyə məcbur etdi. Üstəlik, bütün bunlar ciddi xarici təzyiqlər fonunda baş verdi,” – deyə o bildirib.
Siyasi şərhçi vurğulayıb ki, bu nəticələr Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin məntiqi davamıdır. “Prezident İlham Əliyev hələ müharibədən əvvəl açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan torpaqlarını azad edəcək, dövlət bayrağı Qarabağda ucaldılacaq və xalqımıza qarşı cinayət törətmiş şəxslər layiqli cəzasını alacaq. Bu vədlərin hər biri mərhələ-mərhələ reallaşdırıldı,” – deyə Asif Nərimanlı qeyd edib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, sonrakı mərhələdə isə dövlətin suverenliyi tam təmin edildi. “Daha sonra isə xalqımıza qarşı cinayətlər törətmiş şəxslər ədalət qarşısına çıxarıldı. Məhkəmə prosesləri nəticəsində müharibə cinayətləri sübuta yetirildi və günahkarlar layiqli cəzalarını aldılar. Bu, sadəcə hüquqi proses deyil, ədalətin real bərqərar olması idi,” – deyə şərhçi vurğulayıb.
Asif Nərimanlının fikrincə, Azərbaycan bununla beynəlxalq müstəvidə mühüm presedent yaradıb. “Azərbaycan sübut etdi ki, beynəlxalq birlik tərəfindən yerinə yetirilməyən beynəlxalq hüquq normalarını icra etmək mümkündür. Hərbi cinayətkarları məhkəmə qarşısına çıxarmaq və ədaləti təmin etmək üçün mütləq beynəlxalq tribunal gözləmək şərt deyil,” – deyə o bildirib.
Şərhçi hesab edir ki, bu presedent xüsusilə hazırda münaqişə vəziyyətində olan və ya ərazi bütövlüyü pozulmuş ölkələr üçün ciddi əhəmiyyət daşıyır. “Əgər beynəlxalq məhkəmələr hərbi cinayətkarları cəzalandıra bilmirsə və ya bunu etmək istəmirsə, milli məhkəmələr bu məsuliyyəti üzərinə götürə bilər. Azərbaycanın təcrübəsi bunu açıq şəkildə göstərdi,” – deyə Asif Nərimanlı əlavə edib.
Onun sözlərinə görə, gələcəkdə oxşar vəziyyətlə üzləşə biləcək dövlətlər Azərbaycanın yaratdığı bu presedentə istinad edəcək və ən azı buna nail olmağa çalışacaqlar. “Bu, təkcə Azərbaycanın qazancı deyil, beynəlxalq hüququn real işləməsi baxımından da mühüm mesajdır,” – deyə siyasi şərhçi fikrini tamamlayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.