The Daily Baku
Qırğıstanlı ekspert: Azərbaycan və Türkiyə Mərkəzi Asiya ilə yeni hərbi-siyasi əməkdaşlıq formatı formalaşdırır
8 yanvar 2026
12:08

Mərkəzi Asiya ölkələrinin Azərbaycanla, Türkiyənin fəal iştirakı ilə hərbi əməkdaşlığı artan xətt üzrə inkişaf edir və təcrübə mübadiləsindən tutmuş silahlı qüvvələrin texnoloji modernləşdirilməsinədək geniş istiqamətləri əhatə edir.
Bu barədə “The Daily Baku”-ya qırğızıstanlı siyasi analitik Almaz Tajıbay açıqlama verib.
Ekspertin sözlərinə görə, əməkdaşlıq kadr hazırlığı, müasir hərbi texnologiyalar üzrə bilik mübadiləsi və xüsusi təyinatlı bölmələrin fəaliyyətinin əlaqələndirilməsi formatında həyata keçirilir. “Buraya zabit heyətinin hazırlanması, orduların döyüş qabiliyyətinin artırılması, terrorizmə qarşı mübarizədə xüsusi təyinatlı qüvvələrin ümumi koordinasiyası, eləcə də döyüş dronlarından istifadə etməklə ordunun rəqəmsal modernləşdirilməsi daxildir”, – deyə Almaz Tajıbay bildirib.
Almaz Tajıbay diqqətə çatdırıb ki, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yalnız hərbi sahə ilə məhdudlaşmır. “Paralel olaraq iqtisadiyyat, mədəniyyət, təhsil, turizm və təhlükəsizlik sahələrində də daha sıx qarşılıqlı fəaliyyət inkişaf edir. Bu proseslər ortaq mədəni-tarixi dəyərlərə əsaslanır və Türk Dövlətləri Təşkilatı ilə TÜRKSOY çərçivəsində reallaşdırılır”, – deyə o qeyd edib.
Analitikin sözlərinə görə, siyasi dialoqun genişləndirilməsi baxımından mühüm addımlardan biri ötən il Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərətçi Görüşlərinə qoşulması olub. “Bu fakt onu göstərir ki, region ölkələri əməkdaşlıq coğrafiyasını məqsədyönlü şəkildə Cənubi Qafqaza doğru genişləndirirlər. Azərbaycan isə bu prosesdə Mərkəzi Asiya, Xəzər hövzəsi və Türkiyə arasında körpü rolunu oynayan əsas strateji aktor kimi çıxış edir”, – deyə Almaz Tajıbay vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/qirgistanli-ekspert-azerbaycan-ve-turkiye-merkezi-asiya-ile-yeni-herbi-siyasi-emekdasliq-formati-formalasdirir