Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasını təsdiq edib.
"The Daily Baku" xəbər verir ki, sənəd 2040-cı ilədək milli kimliyə əsaslanan müasir mədəniyyət modelinin formalaşdırılmasını və mədəniyyət sahəsində vahid, sistemli yanaşmanın tətbiqini nəzərdə tutur.
Konsepsiyada mədəniyyətin əsas sahələri kimi Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs müəyyən olunub. Sənəddə Azərbaycan dilinin inkişafı və istifadəsinin genişləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, mədəni müxtəlifliyin təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Sənəddə mədəni irsin qorunması, bərpası və idarə olunması, maddi və qeyri-maddi mədəni irs nümunələri üzrə məlumat bazalarının yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin bərpası ilə bağlı tədbirlər nəzərdə tutulur. Eyni zamanda mədəni turizmin inkişafı istiqamətində fəaliyyətlərin həyata keçirilməsi qeyd edilir.
Konsepsiyanın icrası mədəni və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və mədəniyyət diplomatiyasının gücləndirilməsi üzrə tədbirləri də əhatə edir. Sənədin həyata keçirilməsi 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən mərhələlər üzrə tədbirlər planları əsasında aparılacaqdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
