Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
"The Daily Baku" xəbər verir ki, Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi.
O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olundu.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.