2016-cı ilin aprel döyüşləri Azərbaycanın ən yeni tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilməlidir.
Bunu “The Daily Baku”ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli bildirib.
Onun sözlərinə görə, aprel döyüşlərini üç əsas aspektdə dəyərləndirmək olar və ilk növbədə bu hadisə böyük qələbənin başlanğıcı kimi qəbul edilməlidir: “1994-cü ildə əldə olunmuş atəşkəsdən sonra, yəni 22 illik dövr ərzində baş verən ən genişmiqyaslı hərbi qarşıdurma məhz aprel döyüşləri idi. Təxminən 5 gün davam edən bu münaqişə zamanı Azərbaycan Silahlı Qüvvələri öz gücünü, peşəkarlığını və hərbi üstünlüyünü açıq şəkildə nümayiş etdirdi”.
Politoloq qeyd edib ki, həmin döyüşlər zamanı Azərbaycan ordusu işğal altında olan bəzi əraziləri azad edərək strateji baxımdan mühüm yüksəklikləri nəzarətə götürdü: “Bu, təkcə hərbi baxımdan deyil, həm də psixoloji və siyasi baxımdan çox ciddi nəticələr doğurdu. İlk dəfə olaraq Azərbaycan cəmiyyəti real şəkildə gördü ki, işğal altındakı torpaqları azad etmək mümkündür və bu istiqamətdə həm siyasi iradə, həm də hərbi güc mövcuddur”.
Mətin Məmmədli vurğulayıb ki, aprel döyüşləri cəmiyyətdə böyük ruh yüksəkliyi və inam formalaşdırdı: “Bu döyüşlər zamanı Azərbaycan xalqında güclü bir inam yarandı ki, ölkə öz ərazi bütövlüyünü bərpa edə biləcək. Həmin inam sonradan 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı”.
Ekspertin fikrincə, aprel döyüşləri həm də qarşı tərəf üçün ciddi mesaj idi, lakin bu mesajdan düzgün nəticə çıxarılmadı:
“Təəssüf ki, Ermənistan rəhbərliyi həmin döyüşlərin nəticələrini düzgün qiymətləndirmədi. Nə danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirildi, nə də yaranmış yeni reallıqlar nəzərə alındı. Bu isə nəticə etibarilə növbəti müharibəyə gətirib çıxardı”.
Sonda politoloq qeyd edib ki, aprel döyüşləri Azərbaycanın müasir tarixində şərəfli səhifələrdən biri kimi yadda qalıb:
“Bu döyüşlər həm hərbi uğur, həm də strateji dönüş nöqtəsi idi. Ən əsası isə ondan ibarətdir ki, aprel döyüşləri böyük qələbəmizin başlanğıcı oldu və sonrakı proseslərin məntiqi əsasını formalaşdırdı”.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
