Münhendə Azərbaycanın mesajları – Sülh, təhlükəsizlik və etibarlı tərəfdaşlıq xətti

Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı və səsləndirdiyi mesajlar ölkəmizin beynəlxalq gündəlikdə artan rolunun növbəti təsdiqidir.
Münhen platforması qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas meydanlardan biri olmaqla yanaşı, həm də dövlətlərin öz mövqelərini açıq şəkildə ifadə etdiyi siyasi tribunadır. Bu baxımdan Prezident İlham Əliyevin həm plenar iclaslarda, həm də müsahibələrində səsləndirdiyi fikirlər Azərbaycanın regional və beynəlxalq siyasət kursunun aydın konturlarını ifadə edir.
Dövlət başçısı yerli mediaya müsahibəsi zamanı Azərbaycan–Ermənistan normallaşma prosesinə xüsusi diqqət ayıraraq bir daha vurğuladı ki, rəsmi Bakı sülh sazişinin imzalanmasında maraqlıdır və təşəbbüskar tərəf kimi çıxış edir. Prezident qeyd etdi ki, sülh müqaviləsinin əsas prinsipləri beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və gələcəkdə hər hansı ərazi iddialarının olmamasına əsaslanmalıdır. Bu yanaşma Azərbaycanın real və hüquqi əsaslara söykənən mövqeyini bir daha sərgiləmiş olur.
Eyni zamanda Prezident İlham Əliyev bildirdi ki, regionda davamlı sabitliyin təmin olunması üçün Ermənistan konstitusiyasında və siyasi diskursunda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Bu mesaj beynəlxalq auditoriyaya ünvanlanmaqla yanaşı, həm də sülh prosesinin institusional zəmininin yaradılmasının vacibliyini önə çəkir. Yalnız hüquqi və siyasi əsaslar möhkəmləndirildiyi təqdirdə uzunmüddətli sülh mümkün ola bilər.
Prezident İlham Əliyevin France 24 telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də Azərbaycanın konstruktiv mövqeyini bir daha geniş beynəlxalq auditoriyaya çatdırdı. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan bölgədə yeni qarşıdurma istəmir və kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq modelini dəstəkləyir. O, həmçinin vurğuladı ki, regionda təhlükəsizlik yalnız hərbi amillərlə deyil, iqtisadi qarşılıqlı asılılıq və əməkdaşlıq mühiti ilə möhkəmləndirilə bilər.
Fransa 24-ə müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşı olduğunu da diqqətə çatdırdı. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də siyasi etimad məsələsidir. Azərbaycanın enerji resurslarının şaxələndirilmiş marşrutlarla Avropa bazarına çıxarılması fonunda Rəsmi Bakı regionun sabitlik amili kimi çıxış edir və bu, beynəlxalq tərəfdaşlar üçün əlavə təminat yaradır.
Münhen çərçivəsində keçirilən çoxsaylı görüşlər bir daha göstərdi ki, Azərbaycan artıq geniş geosiyasi kontekstdə vacib tərəfdaş kimi qəbul olunur. Dövlət başçısının müxtəlif ölkələrin liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə təmasları qarşılıqlı maraq doğuran məsələlərin birbaşa müzakirəsinə imkan yaratdı. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışları və müsahibələri Azərbaycanın prinsipial, konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Sülh gündəliyinin irəli aparılması, hüquqi əsasların möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın təşviqi kimi mesajlar regionda davamlı sabitliyin təmin olunmasına yönəlib.
"The Daily Baku" redaksiyası
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.