Milli Məclisin deputatı Tural Gəncəliyev: Qarabağın bərpası Azərbaycanın siyasi iradəsinin və milli gücünün real təzahürüdür

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, eyni zamanda regionda yeni geosiyasi reallıqlar formalaşdıran aparıcı dövlətə çevrilib.
Bu fikirləri “The Daily Baku”ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputat qeyd edib ki, müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə qlobal geosiyasi gündəmin fəal iştirakçısına çevrilib və artıq beynəlxalq siyasətin mərkəzində qərarlaşan dövlətlər sırasında yer alır. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq prosesi bunun bariz nümunəsidir.
“Biz bu gün açıq şəkildə görürük ki, Ermənistanın işğal dövründə həyata keçirdiyi məqsədyönlü dağıdıcılıq siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur faktiki olaraq yerlə-yeksan edilmişdi. Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlər sanki xəritədən silinmişdi. Xüsusilə Ağdamın vəziyyəti dünya ictimaiyyətində haqlı olaraq ‘Qafqazın Xirosiması’ kimi dəyərləndirilirdi. Lakin bu gün artıq tamam fərqli mənzərə ilə üz-üzəyik”, – deyə Tural Gəncəliyev vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan dövləti bütün bu ağır dağıntılara baxmayaraq, bərpa və yenidənqurma prosesini öz daxili imkanları hesabına həyata keçirir. Bu miqyasda dağıdılmış ərazilərin qısa müddətdə dirçəldilməsi dünyada nadir hallarda rast gəlinən bir təcrübədir:
“Avropada İkinci Dünya müharibəsindən sonra dağıdılmış şəhərlərin bərpası onilliklər çəkib. Azərbaycan isə cəmi bir neçə il ərzində bu prosesi böyük sürətlə həyata keçirir. Bu, həm iqtisadi potensialımızın, həm də siyasi iradəmizin göstəricisidir”.
Tural Gəncəliyev qeyd edib ki, təəssüf ki, bəzi beynəlxalq dairələr və Avropa institutları bu miqyaslı quruculuq prosesini obyektiv qiymətləndirmək əvəzinə, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir və reallıqları görməzdən gəlir: “Halbuki Azərbaycan təkbaşına, heç bir xarici yardım olmadan, dağıdılmış şəhərləri yenidən qurur, məcburi köçkünləri doğma yurdlarına qaytarır və regionda dayanıqlı sülh üçün real zəmin yaradır”, – deyə o əlavə edib.
Deputat bildirib ki, bu gün Qarabağa və Şərqi Zəngəzura səfər edən xarici parlamentarilər qısa müddətdə görülən işlərin miqyasını öz gözləri ilə görür və heyrətlərini gizlədə bilmirlər. “Xüsusilə Avropadan gələn nümayəndələr bu templə aparılan bərpa işlərinin nadir hal olduğunu etiraf edirlər”, – deyə o vurğulayıb.
Tural Gəncəliyev diqqətə çatdırıb ki, mina təhlükəsinə baxmayaraq, Azərbaycan öz yolundan dönmür və mərhələli şəkildə təhlükəsizliyin təmin olunması ilə yanaşı, “Böyük Qayıdış” proqramını uğurla həyata keçirir. Onun sözlərinə görə, indiyədək Qarabağa və Şərqi Zəngəzura 23 milyard manatdan artıq vəsait yönəldilib və bu proses davam edir.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Xankəndiyə son səfəri, o cümlədən Zəfər memorial kompleksinin açılışı bütün dünyaya verilən güclü mesajdır: “Azərbaycan qalib dövlətdir, qurandır, yaradır və öz torpaqlarında yeni həyat inşa edir. Bu, təkcə bərpa deyil, milli qürurun, siyasi iradənin və tarixi ədalətin təntənəsidir”.
Sonda Tural Gəncəliyev vurğulayıb ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək Qarabağı yenidən dirçəldir və bu proses ölkənin gələcək onilliklər üçün inkişaf yolunu müəyyənləşdirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.