Lökbatanda anbarda güclü yanğın baş verib, yanğınsöndürmə işləri davam etdirilir

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən böyük anbarlardan birində baş vermiş güclü yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürmə əməliyyatlarına FHN-in 182 nəfər şəxsi heyəti, 40-a yaxın texnikası və aviasiya dəstəsinin 2 helikopteri cəlb edilib. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev bildirib ki, yanğının anbar ərazisində baş verməsi və küləkli hava şəraiti alovun söndürülməsini çətinləşdirib.
Nazirlikdən verilən məlumata əsasən, yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq vəziyyət nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Eyni zamanda xilasedicilər tərəfindən anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir. Yanğına bitişik digər anbarların alovdan mühafizə olunduğu qeyd edilib.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun da hadisə yerində olduğu bildirilib.
TƏBİB-in məlumatına görə, mayın 12-si saat 09:30 radələrinədək hadisə nəticəsində xəsarət alan qeydə alınmayıb. Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.