Kibertəhlükəsizlik istifadəçilərin əməliyyat sistemlərindən başlayır. Bu sahədə əsasən iki yanaşma mövcuddur: mülkiyyət (proprietary) sistemləri (Windows, macOS) və açıq mənbə sistemləri (Linux).
Mülkiyyət sistemlərində proqram kodları qapalıdır və onlara yalnız sistemi yaradan şirkətlər (Microsoft, Apple) tam çıxış əldə edə bilir. Linux-da isə kodlar açıqdır və hər kəs tərəfindən nəzərdən keçirilə bilər. İlkin baxışda qapalı sistemlərin daha təhlükəsiz olduğu təəssüratı yarana bilər, lakin bu, praktikada belə deyil.
Qapalı mülkiyyət sistemlərində istifadəçi kodu görə bilməsə də, potensial hücumçular həmin kodu müxtəlif üsullarla təhlil edə bilirlər. Bu sistemlərdə mövcud boşluqları aşkar etmək və aradan qaldırmaq səlahiyyəti əsasən yalnız istehsalçı şirkətlərin əlindədir. Bundan əlavə, bu şirkətlərin istifadəçi məlumatlarını topladığı və kommersiya məqsədləri ilə istifadə etdiyi barədə ciddi iddialar mövcuddur. Nəticə etibarilə, mülkiyyət sistemlərinin qapalılığı istifadəçi üçün təhlükəsizlik risklərinin azalmasında xüsusi üstünlük gətirmir, əksinə, aşkar edilmiş zəifliklərin aradan qaldırılmasında onu Microsoft və ya Apple-dan asılı vəziyyətə salır və istifadəçi məlumatların həmin şirkətlərin nəzarətinə keçməsi riskini yaradır.
Linux isə fərqli yanaşma təqdim edir. Açıq mənbəli olan bu sistemin konkret sahibi yoxdur və istifadəçilər onu birgə şəkildə daim təkmilləşdirirlər. Kodun açıq olması səbəbindən mövcud boşluqlar daha tez aşkarlanır və operativ şəkildə aradan qaldırılır. Ən əsası isə istifadəçilər öz məlumatlarının hansısa şirkət tərəfindən nəzarətsiz şəkildə toplanması və istifadəsi ilə bağlı narahatlıq keçirmirlər. Linux-un mühüm üstünlüklərindən biri də dövlət qurumları və şirkətlər tərəfindən sistemin ehtiyaclara uyğun şəkildə sərbəst modifikasiya edilə bilməsidir. Məhz buna görə bir çox inkişaf etmiş dövlətlər və iri təşkilatlar Linux əsasında öz xüsusi əməliyyat sistemlərini formalaşdırırlar.
Kibertəhlükəsizliyin ilk və ən vacib addımlarından biri əməliyyat sistemlərinin mənbə kodları üzrə asılılığın aradan qaldırılmasıdır. Bu baxımdan, dövlət orqanlarında xarici şirkətlərə məxsus əməliyyat sistemlərindən mərhələli şəkildə imtina edilməsi və Linux bazasında adaptasiya olunmuş milli əməliyyat sistemlərinin yaradılması strateji əhəmiyyət daşıyır.
The Daily Baku redaksiyası
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
