Kallas Cənub-Şərqi Asiyanı Rusiya neftini boykot etməyə səsləyib

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Cənub-Şərqi Asiyadakı tərəfdaş ölkələri Yaxın Şərqdə münaqişənin səbəb olduğu yanacaq çatışmazlığı fonunda neft tədarükü üçün Rusiyaya müraciət etməməyə çağırıb.
"The Daily Baku" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Bruneydə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ və İsrailin İrana qarşı müharibəsindən fayda əldə edib. Bu müharibə dünya neftinin təxminən beşdə birinin və digər vacib malların daşınmasında əsas marşrut olan Hörmüz boğazının faktiki olaraq bağlanmasına gətirib çıxarıb.
"Neftdən əldə edilən gəlirlər Rusiyanın müharibəni (Ukraynaya qarşı) maliyyələşdirmək üçün istifadə etdiyi vəsaitlərdir. Biz müharibənin dayandırılmasında maraqlıyıq", - Kallas bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.