İnanç: Cenevrə dalanı ABŞ ilə İran arasında hərbi ssenarini sürətləndirdi

ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı son günlərdə baş verən hadisələr fonunda gözlənilən inkişaf idi.
Bunu türk ekspert Hüsamettin İnanç “The Daily Baku”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə bölgəyə ciddi hərbi arsenal topladıqdan sonra İranla bağlı nüvə danışıqlarının dalana dirənməsi vəziyyəti kritik həddə çatdırdı. “Gündəmdə əsas məsələ İranın nüvə proqramının tamamilə dayandırılması, uranın zənginləşdirilməsinin sıfıra endirilməsi və nüvə istehsalının tamamilə ləğvi idi. Lakin Cenevrədə aparılan danışıqlarda bu istiqamətdə razılıq əldə olunmadı,” – deyə İnanç qeyd edib.
Ekspert bildirib ki, nüvə məsələsində razılıq əldə olunmaması avtomatik olaraq ballistik raketlərlə bağlı müzakirələri də çətinləşdirdi. Onun sözlərinə görə, burada iki əsas tələb vardı: İranın raket arsenalının azaldılması və raketlərin mənzil məsafəsinin 2500 kilometrdən 300 kilometrə qədər endirilməsi. “Tehran bunu açıq şəkildə suverenlik hüququna müdaxilə kimi qiymətləndirdi və qəbul etmədi,” – deyə o vurğulayıb.
Hüsamettin İnanç əlavə edib ki, danışıqlarda İranın Çinlə münasibətlərinin zəiflədilməsi, eləcə də enerji sektorunun beynəlxalq nəzarət mexanizmlərinə daha açıq formata keçirilməsi məsələləri də müzakirə olunub. Lakin bu istiqamətdə də ciddi irəliləyiş qeydə alınmayıb. Onun sözlərinə görə, ABŞ tərəfinin nümayəndələri – xüsusilə də Vaşinqtonun bölgə üzrə təmsilçiləri – Cenevrədən ciddi məyusluqla qayıdıblar.
Ekspert İsrail faktorunun da prosesdə mühüm rol oynadığını qeyd edib. “İsrail İranın yalnız transformasiyasını deyil, faktiki olaraq mövcud siyasi sisteminin dəyişməsini istəyir. Çünki öz təhlükəsizliyi baxımından indiki İran modelini qəbul etmədiyini açıq şəkildə göstərir,” – deyə İnanç bildirib.
Onun fikrincə, məhz bu təzyiq fonunda ABŞ bölgədə daha aktiv hərbi mövqe nümayiş etdirməyə məcbur qalıb. “Burada əsas sual bundan sonra İranın necə cavab verəcəyidir. ABŞ və İsrailin birgə hərəkətindən sonra İranın bölgədəki Amerika hərbi bazalarına cavab zərbəsi endirməsi artıq gərginliyin yeni mərhələyə keçdiyini göstərir,” – deyə o bildirib.
Hüsamettin İnanç hesab edir ki, əgər qarşılıqlı hücumlar genişlənərsə və Tehran bunu öz mövcudluğuna təhlükə kimi qiymətləndirərsə, vəziyyət sürətlə regional müharibəyə çevrilə bilər. “Bu ssenaridə münaqişə yalnız Yaxın Şərq çərçivəsində qalmaz. İranın yeni ittifaqlar formalaşdırmaq cəhdləri, həmçinin böyük güclərin maraqlarının toqquşması riski var. Bu isə münaqişənin qlobal xarakter almasına səbəb ola bilər,” – deyə o vurğulayıb.
Ekspert bildirib ki, prosesin taleyini müəyyən edəcək əsas amil İranın növbəti addımı olacaq: “Əgər Tehran danışıqlara qayıtmağı seçərsə, gərginlik nəzarətdə saxlanıla bilər. Amma əgər bunu mövcudluq təhdidi kimi qəbul edib daha sərt cavab versə, bu artıq regional geosiyasəti dəyişdirəcək və Rusiya, Çin, Hindistan kimi böyük güclərin də cəlb olunduğu daha genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər.”
Hüsamettin İnanç sonda qeyd edib ki, qarşıdakı günlər bölgənin və hətta qlobal təhlükəsizlik arxitekturasının gələcəyi baxımından həlledici olacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.