General: Prezident İlham Əliyev Davosda Azərbaycanın Avrasiya miqyasında önəmli aktor rolunu nümayiş etdirdi

Prezident İlham Əliyevin Davosda apardığı danışıqlar Azərbaycanın Avrasiya miqyasında strateji aktor kimi mövqeyini daha da möhkəmləndirir.
Bunu "The Daily Baku"-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.
General Yücel Karauzun sözlərinə görə, Azərbaycanın formalaşdırdığı “ikili enerji kimliyi” – yəni təbii qazla yanaşı yaşıl elektrik istehsalı və ixracı Avropa üçün faktiki olaraq bir növ sığorta paketi rolunu oynayır: "Davos görüşlərinin əsas dəyəri Bakının özünü artıq yalnız enerji tədarükçüsü kimi deyil, böhran dövrlərində gücünü artıra bilən, uzunmüddətli investisiya cəlb edən və yeni enerji xətləri qura bilən etibarlı tərəfdaş kimi təqdim etməsindədir."
Y. Karauz qeyd edib ki, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi mesajlarda Avropaya qaz ixracının son illərdə artması və yeni bazarlara çıxış xüsusi vurğulanıb. O,Azərbaycanın Cənub Qaz Dəhlizi və TAP vasitəsilə Avropanın “təchizatın şaxələndirilməsi” ehtiyacının sabit və genişlənə bilən alternativ kimi önə çıxdığını bildirib."
SOCAR-ın Almaniya və Avstriyaya qaz tədarükünə başlaması, eləcə də Almaniya ilə uzunmüddətli razılaşmaların əldə olunması bu əməkdaşlığı sırf kommersiya müqaviləsindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir."
Generalın fikrincə, Azərbaycanın yaşıl elektrik enerjisinin Avropaya ötürülməsi üçün nəzərdə tutulan Qara dəniz dənizaltı kabeli və “Black Sea Connectivity” kimi layihələr Avropanın yaşıl hədəfləri ilə enerji təhlükəsizliyini eyni platformada birləşdirir. Bu cür təşəbbüslər Avropa institutları və beynəlxalq maliyyə dairələri üçün artıq strateji infrastruktur kateqoriyasına daxildir və Avropa İttifaqının “Global Gateway” yanaşması ilə tam uzlaşır.
Y.Karauz Davos çərçivəsində "BlackRock" və" Global Infrastructure Partners" kimi iri maliyyə və infrastruktur qurumları ilə keçirilən görüşlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu görüşlər Azərbaycanın yaşıl enerji dönüşümünü təkcə niyyət kimi deyil, real maliyyə təminatına malik layihələr portfeli şəklində təqdim etdiyini göstərir.
General bildirib ki, bu ikili enerji modeli Avropa ilə tərəfdaşlığı iki əsas xətt üzrə dərinləşdirir: qısa müddətdə enerji təchizatının etibarlılığı, müqavilə bazasının genişlənməsi və yeni alıcı ölkələrin cəlbi, orta və uzunmüddətli dövrdə isə yüksək gərginlikli elektrik xətləri, interkonnektorlar və yaşıl enerji dəhlizləri vasitəsilə qarşılıqlı strateji asılılığın formalaşdırılması.
Y.Karauzun fikrincə, Davos Azərbaycan üçün təkcə enerji körpüsü rolunu deyil, bütövlükdə Avrasiya ilə bağlantı mərkəzi düyünlərindən biri statusunu nümayiş etdirdi. Prezident İlham Əliyevin Davosda "DP World" ilə keçirdiyi görüş Bakının özünü sadəcə dəhliz üzərində yerləşən ölkə kimi deyil, bu dəhlizləri idarə edən və cəlbedicilik yaradan sistem qurucu dövlət kimi gördüyünü göstərir. "DP World" kimi qlobal operatorlar limanlar, azad iqtisadi zonalar, yüklərin ötürülməsi, rəqəmsal gömrük və təchizat zəncirinin təhlükəsizliyi sahələrində sürətləndirici rol oynayır.
O, Prezidentin Davosda Euronews-ə verdiyi müsahibədə “qlobal nizamın güc balanslarına doğru dəyişməsi” ilə bağlı vurğularını da diqqətə çatdırıb. Bu fikirlər nəqliyyat dəhlizlərinin artıq təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi dayanıqlıq məsələsi kimi dəyərləndirildiyini göstərir. Buraya təhlükəsizlik, sanksiya risklərinə davamlılıq, marşrutların şaxələndirilməsi və kritik infrastrukturun qorunması daxildir.
General Yücel Karauz əlavə edib ki, Azərbaycanın Orta Dəhlizdə tutduğu mövqe artıq tranzit ölkədən sistem qurucu ölkəyə doğru dəyişir. Avropa–Qafqaz–Mərkəzi Asiya ticarətində alternativ marşrutların standartlarını müəyyən etmək iddiası, Davos gündəmində Orta Dəhlizin önə çıxması ilə də təsdiqlənir. Eyni zamanda Körfəz ölkələri, o cümlədən Qətər kimi aktorlarla intensiv təmaslar Bakının enerji və logistika sahəsində çoxqütblü əməkdaşlıq şəbəkələri qurduğunu göstərir.
Y.Karauzun qənaətincə, Prezident İlham Əliyevin Davosdakı fəaliyyəti klassik diplomatik təmsilçilikdən daha artıqdır və strateji liderliyin bariz nümunəsidir. Onun sözlərinə görə, İlham Əliyev Azərbaycanı reaktiv deyil, istiqamət verən aktor kimi təqdim edib. Qlobal qeyri-müəyyənliklərin və enerji böhranlarının artdığı bir dövrdə səsləndirilən mesajlar soyuqqanlı, rasional və güc balanslarını düzgün oxuyan lider obrazını ortaya qoyur.
General vurğulayıb ki, Davos görüşlərinin ən diqqətçəkən tərəfi Prezidentin qısamüddətli nəticələrlə kifayətlənməyən, 10–20 illik perspektivə əsaslanan dövlət vizyonunu ortaya qoymasıdır. Bu vizyon çərçivəsində Azərbaycan təkcə qaz tədarükçüsü deyil, yaşıl enerji və elektrik ötürülməsi üzrə mərkəz ölkə olmaq, nəqliyyat və logistika sahəsində isə sadə keçid ölkəsindən Avrasiya ticarətinin əsas dayaqlarından birinə çevrilmək məqsədini açıq şəkildə bəyan edir.
Yekunda Yücel Karauz bildirib ki, Prezident İlham Əliyevin Davos performansı güclü dövlət düşüncəsi, strateji səbir və çoxşaxəli diplomatiyanın uğurlu sintezidir. Bu gün Azərbaycan onun liderliyi altında artıq yalnız regional tarazlıqları nəzərə alan ölkə deyil, Avropa ilə Asiya arasında qərar proseslərinə təsir göstərən, geosiyasi çəkisi artan mühüm aktora çevrilib. Davos isə bu liderliyin Avrasiya miqyasında oxunan bir vizyon təqdim etdiyini açıq şəkildə nümayiş etdirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.