Fikrət Yusifov: Qlobal siyasi gərginliklər yaxın dövrdə ciddi iqtisadi və maliyyə təlatümlərini qaçılmaz edir

Son dövrlərdə beynəlxalq siyasi müstəvidə baş verən və zəlzələ effekti ilə bütün dünyanı silkələyən hadisələr göstərir ki, bəşəriyyət yaxın gələcəkdə ciddi iqtisadi və maliyyə təlatümləri ilə üz-üzə qalacaq.
Bu fikirləri "The Daily Baku" -ya açıqlamasında iqtisadçı, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı və sonu görünməyən müharibə, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra atılan kəskin addımlar qlobal nizamın kökündən dəyişdirilməsinə hesablanmış proseslərin tərkib hissəsidir. Ekspert qeyd edib ki, Panama kanalına tam nəzarətin təmin edilməsi, Çin, Hindistan, Kanada, Meksika və bir sıra digər ölkələrlə rüsum müharibəsinin başlanması, Venesuela Prezidentinin həbs edilərək ABŞ-a aparılması və bu ölkənin neft satışına nəzarətin ələ keçirilməsi, Kolumbiyaya neftin kimə satılacağı ilə bağlı “tapşırıqların” verilməsi, Qrenlandiyanın ABŞ ərazisi elan edilməsi istiqamətində atılan addımlar, İrandakı proseslərə tam nəzarət cəhdləri və Rusiya neft ixracının iflic vəziyyətinə salınması dünya düzəninin kəskin şəkildə dəyişdirildiyini açıq göstərir.
Fikrət Yusifov xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp ötən ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” ilə əvəzlənməsi barədə fərman imzalayıb və 2027-ci ilə qədər bu qurumun büdcəsinin iki dəfəyədək artırılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, 2026-cı il üçün nəzərdə tutulan hərbi xərclərin 901 milyard dollardan 1,5 trilyon dollara qədər artırılması olduqca ciddi siqnaldır. Ekspert vurğulayıb ki, hazırda ABŞ-ın hərbi xərcləri dünya ölkələrinin ümumi hərbi xərclərinin təxminən 40 faizini təşkil edir və bu göstəricinin iki dəfə artırılması qlobal təhlükəsizlik və iqtisadi sabitlik baxımından son dərəcə narahatedicidir.
Sabiq maliyyə naziri qeyd edib ki, bu addımlara qarşı Çin və Avropa İttifaqı başda olmaqla heç bir tərəf açıq etiraz edə bilmir. Sadəcə tənqidi bəyanatlar isə ABŞ-ın tutduğu kursu dəyişmək gücündə deyil.
Onun fikrincə, dünyada formalaşan yeni reallıqları ən düzgün qiymətləndirən və buna uyğun praqmatik addımlar atan ölkələrdən biri Çindir. Fikrət Yusifov bildirib ki, son illər Çin böyük həcmdə qızıl alışı həyata keçirir və bu, qızılın qiymətinin kəskin bahalaşmasına baxmayaraq davam edir. Bu addımların arxasında qlobal maliyyə sistemində baş verə biləcək ciddi dəyişikliklərə qarşı qabaqlayıcı tədbirlərin dayandığını deyən ekspert vurğulayıb ki, Çin dünya iqtisadiyyatının hansı istiqamətə yönələ biləcəyini düzgün analiz edir.
Ekspert Çinin xarici borc göstəricilərinə də diqqət çəkib. Onun sözlərinə görə, bu gün Malta, Niderland və İrlandiya kimi ölkələrdə xarici borcun ÜDM-də payı 350–800 faiz arasında dəyişdiyi halda, Portuqaliya, Finlandiya və Yunanıstanda bu göstərici 150–220 faiz, Xorvatiya, Çexiya və Ekvadorda isə 39–80 faiz təşkil edir. Çində isə xarici borcun ÜDM-də payı cəmi 12 faizdir. Bu fakt Çinin maliyyə siyasətində uzaqgörənlik nümayiş etdirdiyini göstərir.
Fikrət Yusifov bildirib ki, xarici borcun yüksək olması ölkələri kreditorlardan asılı vəziyyətə salır və onları xarici şoklara qarşı həssas edir. Onun sözlərinə görə, Azərbaycan hökuməti də dünyada baş verən prosesləri vaxtında düzgün dəyərləndirərək xarici borclanma və valyuta ehtiyatları məsələsində yüksək həssaslıq nümayiş etdirib.
Ekspert qeyd edib ki, əhalisi az və ərazisi kiçik olan inkişaf etməkdə olan ölkələrin xarici borc asılılığına düşməsi sürətlə baş verə bilər. Lakin dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünyada ən az xarici borca malik ölkələr sırasındadır. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 6 faizi səviyyəsindədir.
Onun sözlərinə görə, son illər ölkəmizin qızıl ehtiyatlarını artırması və valyuta ehtiyatlarının ÜDM-dən təxminən 10 milyard dollar çox olması Azərbaycanı həm iqtisadi, həm də maliyyə baxımından qlobal risklərə qarşı daha güvənli mövqeyə çıxarıb. Fikrət Yusifov vurğulayıb ki, bu siyasət Azərbaycanın dünyanı təhdid edən mümkün iqtisadi və maliyyə böhranlarından maksimum dərəcədə sığortalanmasına imkan verir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.