The Daily Baku
Ekspert: İlham Əliyevin xarici siyasətində təhlükəsizlik rasional yanaşmanın əsasını təşkil edir
7 yanvar 2026
10:54

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməsi ehtimalı ilə bağlı səsləndirdiyi mövqe Bakının xarici siyasətdə seçdiyi təhlükəsizlikyönlü və rasional dövlət idarəçiliyinin bariz ifadəsidir.
Bunu “ The Daily Baku”-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy bildirib.
Ekspertin fikrincə, sözügedən yanaşma emosional çağırışlara deyil, milli maraqlara və vətəndaş təhlükəsizliyinə əsaslanan strateji xətti əks etdirir.
“Prezident İlham Əliyevin “Azərbaycanın hər bir vətəndaşı bizim üçün dəyərlidir” ifadəsi dövlətin insan resursunu qorumağı xarici siyasət qərarlarının mərkəzinə qoyduğunu açıq şəkildə göstərir. Azərbaycan yaxın keçmişdə öz suverenliyi və ərazi bütövlüyü təhdid altındaykən beynəlxalq sistemdən gözlədiyi dəstəyi ala bilmədi. Bu təcrübə Bakının bu gün münaqişə zonalarına münasibətində əsas istinad nöqtəsinə çevrilib”, – deyə Mehmet Emir Aksoy vurğulayıb.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Fələstin məsələsinə münasibəti balanslı və çoxşaxəlidir. “Azərbaycan BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstin dövlətinin yaradılmasını ardıcıl şəkildə dəstəkləyir. Bakıda fəaliyyət göstərən Fələstin səfirliyi də Azərbaycanın göstərdiyi maliyyə və diplomatik dəstək hesabına fəaliyyətini davam etdirir. Bununla yanaşı, dövlət başçısı açıq şəkildə bildirir ki, ərəb ölkələrinin problemlərini ilk növbədə ərəb dövlətləri özləri həll etməlidir. Bu, simvolik hərbi addımlardan daha çox regional məsuliyyət prinsipinə əsaslanan yanaşmadır”, – deyə o bildirib.
Mehmet Emir Aksoy əlavə edib ki, bu rasional xətt Azərbaycanın İsraillə münasibətlərində də aydın görünür. Onun sözlərinə görə, tarixi və mədəni bağlar, enerji, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlıqla tamamlanır. “Bakının xarici siyasəti ideoloji dalğalanmalardan uzaqdır. Azərbaycan öz geosiyasi mövqeyini, mövcud güc balansını və uzunmüddətli təhlükəsizlik prioritetlərini əsas götürərək ölçülü-biçili siyasət yürüdür”, – deyə ekspert qeyd edib.
Ekspertin fikrincə, İlham Əliyevi regiondakı bir çox liderlərdən fərqləndirən əsas cəhət də məhz bu yanaşmadır. “O, böhranları ritorika səviyyəsində deyil, real nəticə verən strategiyalarla idarə edir. Riskləri düzgün hesablayan, dövlət imkanlarını aşan addımlardan şüurlu şəkildə çəkinən bu liderlik modeli Azərbaycanın son illərdə əldə etdiyi diplomatik və strateji nailiyyətlərin əsas səbəblərindən biridir”, – deyə Mehmet Emir Aksoy bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ekspert-ilham-eliyevin-xarici-siyasetinde-tehlukesizlik-rasional-yanasmanin-esasini-teskil-edir