Ekspert: Dünya bu gün sülhə hər zamankından daha çox ehtiyac duyur

“Bu gün dünya sanki sülhə acdır. Təəssüf ki, beynəlxalq mühitdə mövcud olan münaqişələr nəinki azalır, əksinə, həm sayı artır, həm də miqyası genişlənir. Ən təhlükəli məqam isə ondan ibarətdir ki, münaqişələr həll olunmaq əvəzinə daha da dərinləşir və qlobal xarakter alır. Bu reallıq fonunda beynəlxalq ictimaiyyətin sülhə nə qədər ciddi ehtiyac duyduğunu açıq şəkildə görürük”.
Bunu "The Daily Baku"ya açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.
Onun sözlərinə görə, soyuq müharibədən sonrakı dövrdə beynəlxalq siyasi arxitektura münaqişələrin sülh yolu ilə həlli baxımından ciddi nəticələr ortaya qoya bilməyib: “Əgər bu dövrə nəzər salsaq, tam və real həllini tapmış yeganə münaqişənin məhz keçmiş Qarabağ münaqişəsi olduğunu görərik. Bu prosesin təşəbbüskarı, müəllifi və icraedicisi Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevdir. Bu, təsadüfi və spontan qərar deyil, uzun illər ərzində aparılmış ardıcıl siyasi, iqtisadi və hərbi gücləndirmə strategiyasının nəticəsidir”.
Xəyal Bəşirov qeyd edib ki, Prezident İlham Əliyev 2020-ci ilədək ölkəni bütün istiqamətlər üzrə sistemli şəkildə gücləndirib, İkinci Qarabağ müharibəsində Ali Baş Komandan kimi Azərbaycan Ordusuna rəhbərlik edib və 44 gün ərzində tarixi Zəfərə imza atıb: “Daha sonra antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Bunun ardınca isə təxminən beş il ərzində son dərəcə gərgin siyasi və diplomatik mübarizə aparıldı. Bu proseslərin hamısına şəxsən Prezident İlham Əliyev rəhbərlik etdi”.
Şərhçinin fikrincə, ötən ilin avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar və sülh sazişi mətninin paraflanması bu prosesin ən mühüm və uğurlu mərhələlərindən biridir: “Bəli, ABŞ Prezidenti Donald Trampın da yekun mərhələdə siyasi rolu olub. Lakin prosesin müəllifi və əsas aparıcı fiquru Prezident İlham Əliyevdir. Bu, artıq beynəlxalq aləmdə qəbul olunan reallıqdır”.
Xəyal Bəşirov vurğulayıb ki, bu gün dünyada sülh təşəbbüslərindən danışılarkən Azərbaycanın və Prezident İlham Əliyevin iştirakı olmadan hər hansı platformanın tam və effektiv ola bilməsi mümkün deyil: “İlham Əliyev artıq sülh brendinə çevrilib. Bu ifadəni təsadüfən işlətmirik. Prezident İlham Əliyevin iştirak etdiyi istənilən sülh təşəbbüsü avtomatik olaraq həmin platformanın nüfuzunu, cəlbediciliyini və beynəlxalq diqqətini artırır. Bunu Donald Tramp da, digər dünya liderləri də çox yaxşı anlayır”.
O bildirib ki, bəzi liderlər bu reallığı etiraf etmək istəməsə də, açıq şəkildə dilə gətirənlər də var: “Serbiya Prezidenti Aleksandr Vuçiç Davos Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin liderliyini və onun əvəzolunmaz rolunu açıq şəkildə ifadə etdi. Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər də göstərir ki, o, tarixi münaqişəni real nəticə ilə başa çatdıran nadir liderlərdən biridir”.
Siyasi şərhçi Davos Dünya İqtisadi Forumunun mahiyyətinə də toxunaraq bildirib ki, forum artıq təkcə iqtisadi platforma deyil: “Davosda 60-dan çox dövlət və hökumət başçısı, ümumilikdə isə 400-ə yaxın siyasi lider iştirak edir. Bu, onu göstərir ki, Davosda ən aktual siyasi mövzular müzakirə olunur. Xüsusilə Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər, Avropa ətrafında yaranan yeni geosiyasi gərginliklər fonunda bu il Davos tarixdə bəlkə də ən çox siyasi gündəmi olan forumdur”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərə olan maraq Azərbaycanın beynəlxalq çəkisinin artdığını sübut edir: “Bir çox dövlət və hökumət başçılarının, eləcə də ayrı-ayrı dövlətlərin büdcələrindən dəfələrlə böyük maliyyə dövriyyəsinə malik beynəlxalq şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə görüşə xüsusi maraq göstərməsi təsadüfi deyil. Bu, həm Azərbaycana, həm də onun liderinə artan etimadın göstəricisidir”.
Xəyal Bəşirov sonda bildirib ki, Azərbaycanın artıq təkcə münaqişə həll edən deyil, digər regionlarda da sülh təşəbbüslərində iştirak edən dövlət kimi çıxış etməsi yeni mərhələnin göstəricisidir: “Bir neçə il əvvəl əsas narahatlığımız Qarabağ münaqişəsinin həlli və bunun siyasi təsdiqi idisə, bu gün Azərbaycan artıq başqa regionlarda sülh təşəbbüsləri ilə çıxış edən, yaxud bu təşəbbüslərin fəal iştirakçısı olan dövlətdir. Azərbaycanın Sülh Şurasında təsisçi üzv kimi qəbul olunması da məhz bunu təsdiqləyir. Cənubi Qafqazda sülh prosesi ilə bağlı əsas risklər faktiki olaraq aradan qalxıb”.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.