Dərnəgüldəki yanğına 18 texnika və 70 əməkdaş cəlb olunub, qərargah yaradılıb

Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
"The Daily Baku" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Eyni zamanda yanğınla əlaqəli nazirliyin qərargahı yaradılıb.
13:44
Təcili tibbi yardım briqadası Dərnəgüldəki yanğınla bağlı 1 nəfərə yerində ilkin tibbi yardım göstərib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
13:23
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.
"The Daily Baku"un məlumatına görə, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir.
13:12
Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.
13:03
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanğın baş verən obyekt tikinti materialları mağazasıdır.
"The Daily Baku"un məlumatına görə, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
12:35
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri obyektdə baş vermiş yanğının yayılmasının qarşısını alıb.
FHN-dən "The Daily Baku"a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
12:19
Dərnəgüldə obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
"The Daily Baku" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.