Deputat: Azərbaycanın Sülh Şurasına dəvəti Prezident İlham Əliyevin sülh gündəliyinə beynəlxalq etimadın göstəricisidir

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılması və Azərbaycanın bu quruma Təsisçi Üzv Dövlət qismində dəvət olunması Prezident İlham Əliyevin prinsipial və ardıcıl sülh siyasətinin beynəlxalq səviyyədə qəbul edildiyini təsdiqləyən mühüm siyasi hadisədir.
Bu fikirləri "The Daily Baku" -ya açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev səsləndirib.
Deputatın sözlərinə görə, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması təsadüfi xarakter daşımır və bu addım ölkəmizin Şanlı Zəfərdən sonra regionda formalaşan yeni siyasi reallıqlarda konstruktiv, məsuliyyətli və etibarlı aktor kimi çıxış etməsinin məntiqi nəticəsidir.
"Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqeni və yeni formalaşmaqda olan qlobal siyasi arxitekturada oynamaq istədiyi rolu aydın şəkildə ortaya qoyur. Bu məktub Azərbaycanın balanslı, prinsipial və məsuliyyətli xarici siyasət xəttinin bariz nümunəsidir."
Deputat qeyd edib ki, məktubda ABŞ Prezidentinin Sülh Şurasının sədri kimi təqdim olunması və onun liderliyinə verilən yüksək qiymət Azərbaycanın yeni beynəlxalq siyasi reallıqlarda praqmatik və çevik diplomatiya yürütmək qabiliyyətini göstərir.
" Bu yanaşma Bakının qlobal güc mərkəzləri ilə dialoq və əməkdaşlıq xəttini seçdiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin bu məktubu Azərbaycanın sülhü yalnız siyasi bəyanatlar səviyyəsində deyil, institusional və beynəlxalq mexanizmlər vasitəsilə dəstəkləmək niyyətində olduğuna dair mühüm siyasi mesajdır. Bu addım eyni zamanda Azərbaycanın yeni dünya nizamında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə vermək istədiyini nümayiş etdirir."
Deputatın fikrincə, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla yalnız ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda riskləri idarə etmək və onları siyasi resursa çevirmək qabiliyyətini də sübut edib.
" Vaxtilə regional təhlükəsizliyə və əməkdaşlığa ciddi təhdid yaradan Ermənistan bu gün Azərbaycanın ardıcıl və mərhələli sülh təşəbbüsləri fonunda əməkdaşlıq istiqamətində addımlar atmağa məcbur qalır.Hazırkı beynəlxalq şəraitdə klassik təhlükəsizlik institutlarının effektivliyinin azaldığı, regional münaqişələrin qlobal təsirlərə çevrildiyi bir dövrdə alternativ sülh mexanizmlərinə ehtiyac açıq şəkildə hiss olunur. Bu baxımdan Azərbaycanın Sülh Şurasının təsisçiləri sırasında yer alması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin və normayaratma proseslərində iştirak imkanlarının göstəricisidir."
Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyevin sülh gündəliyi regional kommunikasiyaların açılması, suverenliyin və ərazi bütövlüyünün tanınması, beynəlxalq hüquqa əsaslanan münasibətlər modeli üzərində qurulub və Azərbaycan bu yanaşmanı real siyasi və diplomatik addımlarla sübut edir. Sülh Şurasında təmsilçilik də məhz bu strateji xəttin davamı kimi qiymətləndirilməlidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.