Deputat: Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü Vaşinqton razılaşmasının məntiqi davamıdır

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Əbu-Dabidə keçirilən görüş sülh danışıqlarında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər və bu mərhələ 2025-ci il avqustun 8-də əldə olunmuş razılaşmaların məntiqi davamı kimi qiymətləndirilməlidir .
Bunu "The Daily Baku" - ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, həmin tarixdə əldə edilən razılaşmalar artıq real müstəvidə, addım-addım həyata keçirilir və Əbu-Dabi görüşündən sonra yayımlanan açıqlamada bu müddət ərzində əldə olunan nailiyyətlərin sadalanması əslində ötən dövrün hesabatı kimi qəbul edilə bilər.
Deputat qeyd edib ki, 8 avqustdan bu günə qədər sülhün əldə olunması üçün konkret addımlar atılıb və bu addımlar prosesi daha da irəli aparmaq üçün möhkəm zəmin yaradıb.
Hikmət Babaoğlu vurğulayıb ki, Əbu-Dabidə keçirilən görüşə iki müstəvidə yanaşmaq lazımdır. Birinci müstəvi liderlərin təkbətək, təxminən 25 dəqiqə davam edən görüşüdür. İkinci müstəvi isə nümayəndə heyətlərinin iştirakı ilə baş tutan geniştərkibli görüşdür. Onun fikrincə, hər iki format olduqca əhəmiyyətlidir. Çünki hazırda Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər rəsmi şəkildə mövcud deyil və belə bir şəraitdə liderlərin təkbətək görüşü qarşılıqlı etimad mühitinin formalaşdığını göstərir.
Deputatın sözlərinə görə, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması olduqca çətin və həssas prosesdir və bu prosesdə etimadın aşağıdan yuxarı deyil, məhz yuxarıdan aşağıya doğru formalaşması xüsusi əhəmiyyət daşıyır. İki liderin təkbətək görüşü də məhz bu istiqamətdə müsbət nümunə kimi qiymətləndirilə bilər.
Hikmət Babaoğlu qeyd edib ki, nümayəndə heyətlərinin tərkibi də diqqət çəkir. Belə ki, hər iki ölkə liderinin bu vaxta qədər sülhün əldə olunması və münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı, etimad göstərdiyi peşəkar kadrlar görüşdə iştirak ediblər. Bu isə sülh yolunda mövcud olan bütün problemlərin ayrıca müzakirə olunması, nümayəndə heyətlərinin hesabatlarının dinlənilməsi və konkret qərarların qəbul edilməsi üçün imkan yaradıb.
Deputat bildirib ki, Əbu-Dabi görüşü həm də ABŞ-ın vitse prezidentinin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri kontekstində, eləcə də Zəngəzur dəhlizi və TRIPP marşrutu ilə bağlı məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
" TRIPP marşrutu Ermənistan və ABŞ arasında imzalanmalı olan hüquqi sənədlə bağlıdır, lakin burada üçüncü və əsas tərəflərdən biri məhz Azərbaycandır. Çünki bu marşrut nəticə etibarilə Azərbaycanı Azərbaycana birləşdirəcək."
Hikmət Babaoğlu əlavə edib ki, səfər günü Ermənistan Ədliyyə Nazirliyinin Konstitusiya dəyişiklikləri ilə bağlı verdiyi açıqlama da diqqətdən kənarda qalmamalıdır. Onun fikrincə, Konstitusiya üzərində aparılan işlər və yekun mətnin yaxın aylarda təqdim olunacağı ilə bağlı məlumatlar sülh prosesi üçün müsbət siqnal sayıla bilər. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu sülh müqaviləsinin imzalanmasına mane olan əsas amillərdən biridir.
Deputat vurğulayıb ki, bütün bu məqamları ümumiləşdirərək demək olar ki, gələcəkdə Azərbaycan–Ermənistan sülh prosesindən danışarkən “Əbu-Dabi diplomatik xətti” və ya “Əbu-Dabi diplomatik ənənəsi” anlayışı formalaşa bilər.
"Bundan əvvəl də Əbu-Dabidə keçirilən görüşlər 8 avqust razılaşmalarına aparan yolu açmışdı və indiki görüş də sülh sazişinin imzalanmasına doğru yeni mərhələnin başlanğıcı kimi yadda qala bilər.
Hikmət Babaoğlu sonda qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin neytral mövqeyi, sülhə verdiyi dəstək və beynəlxalq nüfuzu bu prosesdə mühüm rol oynayır və məhz bu amillər Əbu-Dabini Azərbaycan–Ermənistan sülh dialoqu üçün etibarlı platformaya çevirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.