Deputat: Azərbaycan fırtınalı qlobal mühitdə sabit kursunu qoruyur

Dünyada siyasi və iqtisadi münasibətlər sisteminin getdikcə daha da gərginləşdiyi, yeni risk və təhdidlərin formalaşdığı bir mərhələdə dövlətlərin dayanıqlılığı ilk növbədə güclü liderlik, səmərəli idarəetmə və düzgün strateji qərarlarla müəyyən olunur.
Bu fikirləri The Daily Baku-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputatın sözlərinə görə, İkinci dünya müharibəsindən sonrakı dövrdə baş verən proseslər bir daha göstərir ki, müasir dünyada dövlətlərin taleyi onların liderlərinin uzaqgörənliyi, qətiyyəti və idarəetmə bacarığı ilə birbaşa bağlıdır:
“Hazırda dünya olduqca mürəkkəb və gərgin siyasi münasibətlər mərhələsinə daxil olub. Bu proseslər bəzi ölkələrdə idarəetmə boşluqlarını, digərlərində isə güclü liderlik və ağıllı idarəetmə modellərini aydın şəkildə üzə çıxarır. Azərbaycan bu təlatümlər fonunda, obrazlı desək, fırtınalı okeanda üzən bir gəmidir. Lakin bu gəmi təhlükəli dalğalardan yan keçməyi bacarır. Çünki onun kapitanı təcrübəli, qətiyyətli və praqmatikdir.”
Vüqar İskəndərov qeyd edib ki, Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə artıq ənənəvi xarakter daşıyır və hər il olduğu kimi, bu dəfə də ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini aydın şəkildə ortaya qoyub.
Deputatın fikrincə, müsahibədə diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu ilə bağlıdır:
“Bu gün Azərbaycan və Türkiyə prezidentlərinin birgə lokomotivliyi ilə Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir. Cənab Prezidentin üzv ölkələr arasında hərbi təlimlərin keçirilməsinin vacibliyini vurğulaması son dərəcə düzgün və vaxtında səsləndirilmiş mövqedir. Dünyada müharibələrin artdığı, terror təhlükəsinin, geosiyasi təzyiqlərin və beynəlxalq hüququn selektiv tətbiqinin müşahidə olunduğu bir şəraitdə bu yanaşma xüsusilə kiçik və orta dövlətlər üçün həyati əhəmiyyət daşıyır.”
Vüqar İskəndərov bildirib ki, Prezident İlham Əliyev qlobal prosesləri siyasi qrossmeyster kimi düzgün qiymətləndirir və mümkün risklərə qarşı preventiv addımların atılmasını prioritet hesab edir:
“Bu gün aydın şəkildə görürük ki, güclü bloklara, etibarlı tərəfdaşlara malik olan dövlətlər siyasi və iqtisadi təlatümlərdən nisbətən az itki ilə çıxırlar. Avropanın Rusiya–Ukrayna müharibəsi fonunda üzləşdiyi vəziyyət bunu bir daha sübut etdi. ABŞ-ın təhlükəsizlik çətirinə arxalanan Avropa ölkələri bu sahədə ciddi boşluqlarının olduğunu dərk etdilər.”
Deputatın sözlərinə görə, Azərbaycanın əsas üstünlükləri iqtisadi şaxələndirmə, müdafiə və təhlükəsizlik sahəsində gücün artırılması, eləcə də sabit və çevik idarəetmə modelidir:
“Müasir Azərbaycan bu keyfiyyətlərin hamısını özündə birləşdirir. Biz hərbi blokların yaradılmasından danışmırıq, lakin Azərbaycan və Türkiyə arasında keçirilən hərbi təlimlərin digər Türk Dövlətləri Təşkilatı üzvləri ilə də icra olunması ümumi təhlükəsizlik və təcrübə mübadiləsi baxımından olduqca faydalıdır.”
Zəngəzur dəhlizinə toxunan Vüqar İskəndərov vurğulayıb ki, bu layihə yalnız regional deyil, eyni zamanda qlobal əhəmiyyət daşıyır:
“Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının bərpası demək deyil. Bu dəhliz gələcəkdə dünyanın ən rentabelli logistik marşrutlarından birinə çevrilə bilər. TRİPP marşrutu Orta Dəhlizin əsas seqmentlərindən biri kimi Azərbaycanın uzunmüddətli təhlükəsizlik və iqtisadi arxitekturasını möhkəmləndirir.”
Deputat qeyd edib ki, bu marşrut üzərində təhlükəsizliyin təmin olunması Çinlə Avropa arasında ticarətdə maraqlı olan bütün aparıcı güclərin diqqət mərkəzində olacaq:
“Milyardlarla vəsaitin bu marşrutlar üzərindən daşınması heç bir qlobal gücün bölgədə sabitsizlik istəməyəcəyini göstərir. Bu isə Azərbaycanın yalnız iqtisadi deyil, eyni zamanda təhlükəsizlik baxımından da mövqelərini daha da gücləndirir.”
Azərbaycan–ABŞ münasibətlərinə toxunan deputat bildirib ki, bu əlaqələr də yeni mərhələyə qədəm qoyur:
“Donald Tramp praqmatik siyasətçidir və Prezident İlham Əliyevin siyasi çəkisini yaxşı anlayır. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada ciddi nüfuza malik dövlətdir. Qoşulmama Hərəkatına sədrliyi dövründə də ölkə başçımız qlobal məsələlərin müzakirəsi və həllində mühüm rol oynayıb.”
Vüqar İskəndərov sonda vurğulayıb ki, bütün bu amillər Azərbaycanın beynəlxalq aləmdə qəbul edilən, dinlənilən və hörmət göstərilən dövlətə çevrildiyini təsdiqləyir:
“Azərbaycan–ABŞ münasibətləri yalnız nəqliyyat və logistika məsələləri ilə məhdudlaşmır. Təhlükəsizlik, regional sülh və Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı ABŞ-ın proseslərdə şahid qismində iştirakı bu əlaqələrin qarşılıqlı fayda əsasında inkişaf edəcəyini göstərir. Bu isə hər bir azərbaycanlı üçün qürurvericidir.”
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.