Deepfake texnologiyaları süni intellektin ən sürətlə yayılan tətbiq həm də təhdidlərindən biri kimi, informasiya məkanında etimad anlayışını hədəf alır. Bu vasitə ilə istənilən şəxsi hədəf almaq və onun səsi və ya görüntüsünü saxtalaşdırmaq mümkündür. Nəticədə deepfake təkcə media problemi deyildir, o ictimai sabitlik, şəxsi toxunulmazlıq və dövlət idarəçiliyində də risklər yaratmağa hesablanıb.
Deepfake nədir?
Deepfake anlayışı 2017-ci ildən etibarən internetdə sürətlə yayılıb və ilk mərhələdə əsasən üz dəyişdirmə (face swap) texnikaları ilə tanınıb. Texnoloji köklər isə daha öncəki real mimika köçürmə tədqiqatlarına gedib çıxır. Məsələn, Face2Face tipli yanaşmalar hədəf videoda mimikanın dəyişdirilməsini nümayiş etdirmişdi. Bu gün deepfake yalnız video ilə məhdudlaşmır: səs klonlama, lip-sync (dodaq sinxronu), tam sintetik kontent və hətta bir foto üzərindən sui-istifadə xarakterli materialların istehsalı da geniş yayılıb.
Deepfake materialların ən ciddi təhlükəsi onların çoxşaxəli istiqamətdə istifadə edilməsinin mümkün olmasıdır.
Birincisi, maliyyə fırıldaqları - artıq “klassik fişinq”i yeni səviyyəyə keçirir. Hong Kong-da bir əməkdaşın deepfake video konfransla aldadılaraq böyük məbləğ köçürdüyü hadisə dünya mediasında geniş müzakirə olunmuşdu. Ona guya videozənglə müdiri zəng edib bu xidməti istəmişdi. Lakin zəng vuran Deepfake məhsulu süni sima idi.
İkincisi, reputasiya və şəxsi toxunulmazlıq riski. Bu tip kontent bir şəxsin həyatına, reputasiyasına, karyerasına yönəlir, ona mənəvi və ya maddi ziyan vurmaq məqsədi daşıyır və şantaj mexanizmi kimi təsir edir.
Üçüncüsü, siyasi manipulyasiya riski – bu istiqamət daha stratejidir: deepfake kütləvi emosiyanı hərəkətə gətirə, seçki və ictimai proseslərdə “qısa müddətli inandırıcılıq” üzərindən gündəmi dəyişə bilər. Avropa Parlamentinin məlumat manipulyasiyası ilə bağlı təhlillərində də deepfake-lərin etimadı aşındıran faktor kimi dəyərləndirilməsi bu riskin əhəmiyyətli səviyyədə qəbul olunduğunu göstərir.
Media savadlılığı artıq milli təhlükəsizlik mövzusudur.
Deepfake dövründə informasiya təhlükəsizliyi təkcə “saxta xəbər”lə mübarizə deyil - “reallığın sübutu” məsələsidir. Haızrda ən effektiv müdafiə mexanizmi verifikasiya və media savadlılığıdır. Klassik mübarizə üsulları hələ də aktivdir. Bir neçə mənbədən dəqiqləşdirmə, ictimaiyyəti məlumatlandırma, təkzib və s. Hazırda internet məkanında da süni intellekt məhsullarının AI olaraq etiketlənməsi mövcuddur. Qarşıdakı dövrlərdə daha effektiv mübarizə üsulları da meydana gələ bilər. Lakin bu, media savadlılığı və məlumatlılığı istisna etmir. Müasir insan bu kimi saxta kontentləri fərqləndirməklə dövrünə uzlaşmaq kimi bir proseslə üz – üzədir.
The Daily Baku redaksiyası
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
