Çin ABŞ-nin 10 şirkətini milli ixrac nəzarəti qanununa və ikili təyinatlı malların ixrac nəzarəti qaydalarına uyğun olaraq ixrac nəzarətinə tabe olan şirkətlər siyahısına daxil edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
"Bu tədbir milli təhlükəsizliyi və maraqları qorumaq üçün görülüb", - məlumatda qeyd olunub.
Şirkətlər sırasına "Aveox", "Ball Aerospace & Technologies Corp.", "L3Harris Maritime Services" və digərləri daxildir.
Bundan əlavə, Çin sanksiya siyahısına daxil edilmiş ABŞ-nin 46 şirkətinin istehsal etdiyi məhsulların alınmasını qadağan edib.
Ölkənin Maliyyə Nazirliyinin məlumatında qeyd olunub ki, yeni tədbirlərə əsasən, dövlət satınalmalarında iştirak edən təşkilatlara "Lockheed Martin Corporation" və "Raytheon Missiles & Defense" şirkətləri daxil olmaqla adıçəkilən ABŞ şirkətlərinin məhsullarını almaq qadağan edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
