Cavid Vəliyev: Azərbaycan qarşıdurma yox, əməkdaşlıq coğrafiyası kimi özünü təsdiqləyir

Azərbaycanın coğrafi mövqeyi son illərdə regional proseslərdə onun rolunu daha da artıran əsas amillərdən birinə çevrilib.
Bunu “The Daily Baku”ya açıqlamasında Cavid Vəliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən etibarən yerləşdiyi strateji məkanın hansı istiqamətdə istifadə olunacağı ilə bağlı prinsipial mövqe ortaya qoyub:
“Azərbaycan hər zaman bəyan edib ki, bu coğrafiya qarşıdurma məkanı deyil, qonşulara qarşı istifadə olunacaq platforma deyil, əksinə əməkdaşlıq coğrafiyasıdır. Bu prinsip bu gün də praktik siyasətdə öz təsdiqini tapır”.
Ekspert qeyd edib ki, son dövrlərdə baş verən proseslər – xüsusilə humanitar yüklərin daşınması və regional tranzit imkanlarının genişlənməsi – bu siyasətin real nəticələrini göstərir:
“İrana göndərilən humanitar yardımlar, Rusiyadan gələn yüklərin Azərbaycan üzərindən İrana çatdırılması, eyni zamanda müxtəlif ölkə vətəndaşlarının regiondan çıxışı üçün Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi onu göstərir ki, ölkə özünü əməkdaşlıq platforması kimi təqdim etməklə kifayətlənmir, bunu real şəkildə həyata keçirir”.
Cavid Vəliyev vurğulayıb ki, Azərbaycanın uzun illərdir həyata keçirdiyi strateji xətt onu regionun əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevirib:
“Azərbaycan şərq–qərb və şimal–cənub istiqamətlərində mühüm nəqliyyat qovşağıdır. Bu məqsədlə illərdir böyük həcmdə investisiyalar qoyulub, dəmir yolları, avtomobil magistralları inşa edilib. Bu gün artıq həm Orta Dəhliz, həm də Şimal–Cənub dəhlizi çərçivəsində Azərbaycanın rolu açıq şəkildə görünür”.
Onun fikrincə, xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizi kontekstində Azərbaycan həm coğrafi, həm də siyasi baxımdan birləşdirici rol oynayır:
“Azərbaycan Rusiya, İran və digər tərəfdaşlarla birlikdə bu dəhlizin əsas qovşaq nöqtələrindən biridir. Bu, təkcə coğrafi üstünlük deyil, həm də siyasi iradə və strateji yanaşma tələb edir və Azərbaycan bunu nümayiş etdirir”.
Ekspert əlavə edib ki, son dövrlərdə regionda müşahidə olunan tranzit və əməkdaşlıq prosesləri Azərbaycanın artan strateji dəyərini daha da gücləndirir:
“Qazaxıstan və Rusiyadan gələn yüklərin Azərbaycan vasitəsilə Ermənistana çatdırılması, Ermənistanla normallaşma fonunda yaranan yeni logistika imkanları və ümumilikdə Orta Dəhliz çərçivəsində artan aktivlik onu göstərir ki, Azərbaycan bu rolu yalnız iqtisadi deyil, siyasi baxımdan da uğurla yerinə yetirir”.
Sonda Cavid Vəliyev bildirib ki, regionda sabitlik təmin olunduqdan sonra Azərbaycanın əldə etdiyi bu mövqe daha böyük dividendlər gətirəcək:
“Ən mürəkkəb və riskli dövrlərdə Azərbaycanın nümayiş etdirdiyi etibarlı tərəfdaş imici gələcəkdə iqtisadi, siyasi və strateji baxımdan daha böyük üstünlüklər qazandıracaq. Bu, uzunmüddətli və düşünülmüş siyasətin nəticəsidir”.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.