BP "Şahdəniz Bravo" platformasından qəbul ediləcək aşağı təzyiqli qazın vaxtını açıqlayıb

2030-cu ildə "Şahdəniz Bravo" platformasından aşağı təzyiqli qaz qəbul ediləcək.
"The Daily Baku" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, BP gələcək perspektivdə əsas diqqətini "Şahdəniz" yatağındakı laylardan maksimum qazvermə əmsalına nail olmağa yönəldib: "Bu istiqamətdə növbəti əsas addım Şahdəniz Kompressiya (ŞDK) layihəsidir. Layihə üzrə yekun investisiya qərarını ötən ilin iyun ayında qəbul etdik və layihəni irəli aparmaq üçün operativ şəkildə işə başladıq. Məqsədimiz aşağı təzyiqli qaz ehtiyatlarına çıxış əldə etmək və yatağın məhsuldar istismar müddətini uzatmaqdır. ŞDK layihəsi 2,9 milyard ABŞ dollarında investisiyanı əhatə edir. Bu layihə təxminən 50 milyard kubmetr əlavə qazın və təxminən 25 milyon barel əlavə kondensatın hasil edilməsinə imkan verəcək".
S. Şou qeyd edib ki, ŞDK layihəsi həmçinin "Şahdəniz Bravo" platformasının və nəticə etibarilə yataqdakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq: "Yekun investisiya qərarından bəri biz bir sıra iri müqavilələr imzalamışıq. Hazırda həm üst modulların, həm də dayaq blokunun tikintisi işlərini davam etdiririk. Bu işlər yerli istehsalat sahələrində yerli resurslardan geniş istifadə etməklə həyata keçirilir. Platformanın tikintisini 2029-cu ildə tamamlamağı planlaşdırırıq. O, həmin il "Şahdəniz Alfa" platformasından, 2030-cu ildə isə "Şahdəniz Bravo" platformasından aşağı təzyiqli qaz qəbul edəcək. Bu layihə "Şahdəniz" yatağının gələcəyinə yönəlmiş iri investisiyadır".
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.