The Daily Baku
Budapeştdən Nyu-Yorka qədər: merlərin yeni siyasi rolu formalaşır
6 yanvar 2026
15:41

Budapeştdən Barselonaya, Nyu-Yorkdan Parisə qədər merlər getdikcə daha çox siyasi mübarizənin mərkəzinə düşür və ifrat sağ qüvvələrin yüksəlişi ilə üz-üzə qalırlar.
“The Daily Baku” xəbər verir ki, Budapeştdə şəhər rəhbərinin hökumətin “Pride” yürüşünə qadağanı nəzərə almamaq çağırışı onun beynəlxalq gündəmə çıxmasına səbəb olub. Barselonada isə turist mənzillərinin 2028-ci ilin sonuna qədər mərhələli şəkildə ləğvi planı böyük rezonans doğurub. Paris rəhbərliyinin Sen çayını üzgüçülük üçün yararlı hala gətirməsi və sahilboyu avtomobil yolunu piyadalar üçün açması da geniş müzakirələrə səbəb olub.
Ekspertlər bildirir ki, bu addımlar merlik institutunun klassik anlayışını dəyişib. Lentkəsmə mərasimləri dövrü geridə qalıb – bu gün merlər mənzil böhranı, turizm təzyiqi, ekoloji risklər və siyasi radikallaşma kimi mürəkkəb problemlərlə birbaşa üzləşirlər.
Barselona meri Xaume Kollboni qeyd edib ki, merlər artıq qlobal problemlərin yerli həll yollarını tapmalı olan siyasi fiqurlara çevriliblər. Onun sözlərinə görə, Avropanın 17 şəhər rəhbərinin qoşulduğu “Mayors for Housing” təşəbbüsü məhz sürətlə bahalaşan mənzil bazarına cavab olaraq formalaşıb.
London İqtisadiyyat Məktəbinin ekspertləri hesab edir ki, şəhərlərin əhalisi artır və bütün əsas sosial-iqtisadi problemlərin yükü ilk olaraq merlərin üzərinə düşür. Bu fonunda siyasi təzyiq və populist ritorika da güclənir.
Budapeşt meri Gerqey Karaçon hökumətin “Pride” yürüşünə qadağasına qarşı minlərlə insanı səfərbər etdikdən sonra ciddi siyasi təzyiqlə üzləşdiyini deyib. Onun sözlərinə görə, paytaxtın maliyyələşdirilməsinin azaldılması şəhər idarəçiliyi üçün risk yaradır.
Analitiklər hesab edir ki, merlər bu gün təkcə yerli icmaların deyil, həm də demokratiyanın mühüm dayağına çevriliblər. Lakin ifrat sağ qüvvələrin yüksəlişi fonunda onların siyasi məsuliyyəti və üzləşdikləri risklər daha da artır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bizim-yeni-rolumuz-var-dunyanin-muxtelif-seherlerinde-merler-cemiyyetin-en-boyuk-problemlerinin-on-xettine-cixir