Bakının mərkəzində binada yanğın nəzarət altına alınıb, sakinlər təxliyə edilib, xəsarət alan var

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***
12.53
Bu gün saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.