Son illərdə Bakı beynəlxalq mühitdən gələn yaradıcı insanlar üçün yeni imkanlar təqdim edən şəhərlərdən birinə çevrilib. Marketinq və kontent yaradıcılığı sahəsində çalışan Bahar isə bu mühitdə özünəməxsus hekayəsi ilə diqqət çəkən simalardandır. Almaniyada doğulan, Ankarada böyüyən, İstanbulda təhsil alan və Londonda çalışan Baharın yolu son iki ildə Bakıya düşüb. O, hazırda sosial mediada şəhər təcrübəsi, mədəniyyət və həyat tərzi mövzularında məzmun yaradır, eyni zamanda yerli kontent yaradıcıları üçün yeni layihələr üzərində işləyir. "The Daily Baku" onunla Bakı həyatı, şəhərin yaradıcılıq mühiti və Azərbaycandakı təcrübəsi barədə danışıb.
- Bahar xanım, özünüz haqqında qısa məlumat verə bilərsinizmi?
-Həyatım əslində müxtəlif şəhərlərin formalaşdırdığı bir marşruta bənzəyir: Almaniyada doğuldum, Ankarada böyüdüm, İstanbulda təhsil aldım, Londonda çalışdım və bu gün yolum Bakıda davam edir. Əslində molekulyar biologiya və genetika üzrə təhsil almışam, bu sahədə magistr dərəcəm də var. Lakin zamanla karyeram marketinq sahəsinə yönəldi. On ildən artıqdır ki, müxtəlif sektorlar üzrə marketinq sahəsində çalışıram. Bu müddətdə brend menecmenti üzrə ikinci magistr təhsilimi də tamamladım.
Hazırda isə @baharbildiriyor adlı Instagram səhifəmdə şəhər təcrübəsi, mədəniyyət və həyat tərzi mövzularında məzmun yaradıram. Bununla yanaşı, Bakıda fəaliyyət göstərən kontent yaradıcıları üçün inkişaf platforması üzərində işləyir, marketinq və influencer marketing sahəsində yeni layihələr hazırlayıram.
Bir dəfə izləyicilərimdən biri paylaşımlarımdan birinin altında “Həyatı 5x sürətlə yaşayırsınız” yazmışdı. Bəzən geriyə baxanda mən də eyni şeyi düşünürəm.
Son iki ildə Azərbaycanda yaşamaq sizə nə verdi? Ölkəmizi əvvəllər necə təsəvvür edirdiniz?
Londonda keçirdiyimiz iki illik expat həyatından sonra həyat yoldaşıma gələn iş təklifi ilə yol bizi Bakıya gətirdi. Bir növ marşrutumuz Londondan Bakıya istiqamətləndi.
Azərbaycana köçməzdən əvvəl buraya turistik məqsədlə belə gəlməmişdim. Açıq desəm, ölkə haqqında çox məlumatım yox idi. Bunu özüm üçün bir boşluq kimi gördüm və bura köçəndən sonra həmin boşluğu doldurmaq üçün həqiqətən çox çalışdım. Hər gün yeni bir şey öyrənməyə çalışdım.
Türkiyədən gələn biri üçün burada yaşamaq maraqlı bir təcrübədir. Bir tərəfdən çox tanış, digər tərəfdən isə kəşf edilməli görünür. Ortaq tarix var, lakin gündəlik həyatda fərqlər də dərhal hiss olunur. İlk vaxtlar bəzi sözləri başa düşməkdə çətinlik çəkdim, uyğunlaşmağım bir qədər vaxt aldı. Amma altı aydan sonra şəhərlə aramdakı məsafə demək olar ki, aradan qalxdı.
Heç bir şəhər mükəmməl deyil. Dünyanın ən xoşbəxt şəhərlərindən biri kimi təqdim edilən Kopenhagenə getsək belə, bir müddət sonra havanın tez qaralmasından və ya soyuğundan şikayət etməyə başlayarıq. Məsələ mükəmməl yer tapmaq deyil; bizim üçün nəyin vacib olduğunu bilməkdir.
Mən burada imkanlara baxmağı seçdim. Gözəl tərəflərini gördükcə şəhər də sanki mənə qucaq açdı. Təbii ki, gündəlik həyatda səbirsizləndiyim və ya “bu niyə belədir?” dediyim anlar olur. Amma günün sonunda bir şeyi deyirəm:
“Azərbaycan, səninlə fəxr edirəm.”
-Səyahət bloqeri kimi Azərbaycanda “gizli xəzinə” hesab etdiyiniz üç yer hansılardır və niyə? Xüsusilə xarici turistlər üçün az tanınan yerlər varmı?
-Əvvəlcə qeyd edim ki, mən özümü yalnız səyahət bloqeri kimi təqdim etmirəm. Daha çox mədəniyyət, həyat tərzi və şəhər təcrübəsi mövzularında məzmun yaradıram. Ona görə də bir məkana sadəcə “gəziləcək yerlər” siyahısı kimi baxmıram. Mənim üçün orada hansı həyat var, insan hansı təcrübəni yaşayır - bu tərəfi daha maraqlıdır.
Azərbaycanda bu günə qədər populyar marşrutların əksəriyyətini görmək imkanım olub: Şəki, Quba, Qəbələ, Şamaxı… Hamısı təbiəti və tarixi ilə həqiqətən təsir edici yerlərdir. Amma xarici turistlər üçün “gizli xəzinə” desəm, bunu konkret şəhər və ya kənddən çox bir istiqamət kimi ifadə edərdim: qış idmanları.
Xüsusilə Şahdağ və Tufandağ, Azərbaycanın beynəlxalq miqyasda daha çox tanınmağa layiq iki güclü qış turizmi mərkəzidir.
Bu mərkəzlər sadəcə xizək sürmək üçün yerlər deyil. Dünya standartlarında təlim imkanları var, infrastruktur kifayət qədər yaxşıdır və hər səviyyəyə uyğun xizək pistləri mövcuddur. Coğrafi baxımdan da çox əlverişli mövqedə yerləşirlər və mövsüm şərtləri də kifayət qədər yaxşıdır.
Ən diqqətçəkən tərəflərindən biri isə qiymətlərin əlçatan olmasıdır. Avropadakı məşhur xizək kurortları ilə müqayisədə burada oxşar keyfiyyəti daha münasib büdcə ilə əldə etmək mümkündür.
Mənim tövsiyəm belə olardı: Xarici turistlər Azərbaycana yalnız Bakını görmək üçün gəlməsin. Şahdağ və ya Tufandağda qış idmanlarını təcrübədən keçirsinlər, Azərbaycan mətbəxi ilə tanış olsunlar. Ardınca Bakıya gəlib tarixi memarlığı, müasir şəhər məkanlarını və incəsənət mühitini kəşf edərək səfərlərini tamamlasınlar.
Məncə, bu kombinasiya Azərbaycana həqiqətən fərqli və güclü bir turizm təcrübəsi qazandırır. Üstəlik bunu edərkən büdcə də Avropa ilə müqayisədə daha az çətinlik yaradır.
- Bakıda yaşamaq gündəlik həyat baxımından sizin üçün nə qədər komfortlu oldu?
-Bakıda yaşamaq mənim üçün daha əvvəl yaşadığım İstanbul və London kimi böyük metropollarla müqayisədə daha balanslı və komfortlu oldu. Əhalinin onlardan daha az olması şəhəri təbii olaraq daha sakit edir. Gündəlik həyatın tempi yorucu deyil; daha insan yönümlü ritmdə axır deyə bilərəm.
Şəhərin kompakt quruluşu da böyük üstünlükdür. Bakıda bir çox yerə qısa zamanda çatmaq mümkündür və bu, həyat keyfiyyətinə ciddi təsir edir.
Qiymətlər də ümumilikdə daha əvvəl yaşadığım şəhərlərlə müqayisədə daha balanslıdır. Təbii ki, kateqoriyadan asılı olaraq dəyişir, amma gündəlik həyat xərcləri baxımından məqbul mənzərə var.
Qida məsələsi isə başqa bir ölkəyə köçəndə düşündüyümüzdən daha vacib olur. Qısa səfərdə hər şeyə tez uyğunlaşmaq olar, amma haradasa yaşayarkən mətbəxin sizi qane etməsi böyük fərq yaradır. Azərbaycan mətbəxi bu baxımdan çox zəngin və güclüdür. Son illərdə açılan yeni məkanlarla birlikdə şəhərin qastronomiya mühiti də getdikcə daha rəngarəng olur.
Amma mənim üçün komfortu ən çox müəyyən edən amil təhlükəsizlik hissidir. Bir kafedə çantamı masada qoyub geri qayıdanda onun hələ də eyni yerdə olacağını bilmək bugünkü şəhər həyatında çox da tez-tez rast gəlinən bir şey deyil.
Digər mühüm məsələ isə dildir. İnsan özünü ən yaxşı öz dilində ifadə edə bilir. Xaricdə yaşayarkən dil baryeri çox vaxt görünməyən bir məsafə yaradır. Burada isə ünsiyyət qurarkən belə bir məsafəni hiss etmirəm. Bu da gündəlik həyatı daha rahat və sakit edir.
-Sosial media baxımından Bakıda məkanların “kontent potensialı” nə qədər yüksəkdir?
-Bəzən öz aramızda Bakını “Pinterest şəhəri” adlandırıram. Memarlıq baxımından həqiqətən güclü bir şəhərdir. Köhnə şəhər memarlığı ilə müasir arxitekturanın yanaşı mövcud olması kontent yaradıcıları üçün böyük üstünlük yaradır. Bu kontrast vizual baxımdan çox zəngin bir mühit formalaşdırır.
Şəhər eyni zamanda daim dəyişir və inkişaf edir. Xüsusilə Ağ Şəhər kimi yeni şəhərsalma layihələrinin həyata keçirildiyi ərazilərdə fərqli konseptlərə və cəsarətli dizaynlara malik məkanlar açılır. Dekorasiya və məkan quruluşu baxımından bəzən Avropada belə nadir rast gəldiyim nümunələrlə qarşılaşıram. Bu da sosial media üçün çox güclü vizual potensial yaradır.
Amma mənim üçün kontent potensialı yalnız estetika demək deyil. Məsələn, Ağ Şəhərdə yeni açılmış bir coffee shop-u paylaşmaqdan daha çox, həmin ərazinin keçmişini və bu gün necə dəyişdiyini danışmaq məni daha çox həyəcanlandırır. Çünki qalıcı kontent əslində hekayədə gizlidir.
6. Azərbaycanda sizi ən çox təəccübləndirən və sevdiyiniz mədəni detal nə oldu?
Məni ən çox təsirləndirən mədəni xüsusiyyətlərdən biri insanların xarici görünüşlərinə verdikləri diqqət oldu. Bakıda qadınlar gündəlik həyatda belə çox baxımlı, səliqəli və estetik görünürlər.
Amma bu sadəcə “bəzənmək” məsələsi deyil. Daha çox insanın özünə verdiyi dəyərin bir ifadəsi kimi görünür. İctimai məkanda necə göründüyünə diqqət yetirmək burada vacib hesab olunan bir mədəni davranışdır.
Etiraf etməliyəm ki, bu məni də təsirləndirdi. Gündəlik həyatımda özümə daha çox diqqət göstərməyə başladım və düşünürəm ki, bu yaxşı bir şeydir. Çünki ətrafınızda belə bir estetik anlayış varsa, bu istər-istəməz sizi də təsirləndirir. Bu mənim xoşuma gələn detallardan biri oldu.
-Azərbaycanda keçirdiyiniz son iki ili bir cümlə ilə təsvir etməli olsanız, bu cümlə necə olardı? Və burada daha uzun müddət qalmağı düşünürsünüzmü?
-Bəlkə çox sadə bir cümlədir, amma mənim üçün ən vacib olan budur: Burada özümü yaxşı hiss edirəm.
Azərbaycanda qalmaq məsələsinə gəlincə, həyatın istiqaməti hər zaman dəyişə bilər. Qarşımıza hansı imkanların çıxacağını və zamanın bizi hara aparacağını heç kim tam dəqiq bilə bilməz. Amma bu gün üçün olduğumuz yerdə xoşbəxtik.
Maraqlıdır ki, həyat yoldaşımla bura gəldiyimiz gündən bəri heç vaxt “nə vaxt qayıdarıq?” deyə konkret bir tarix danışmamışıq. Çünki Azərbaycan ilk gündən mənə keçici bir ünvan kimi hiss etdirmədi və zamanla ikinci evimə çevrildi.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
.jpeg)