The Daily Baku
Bahar Muradova: Qadınların təhsilə çıxışı və ictimai fəallığı cəmiyyətin inkişafının əsas göstəricilərindəndir
25 dekabr 2025
19:07

Qadınların təhsilə çıxışı və ictimai fəallığı cəmiyyətin inkişafının əsas göstəricilərindəndir. Bu təşəbbüs yalnız sosial xarakter daşımır, eyni zamanda uzunmüddətli maarifləndirmə strategiyasının mühüm tərkib hissəsidir.
"The Daily Baku" xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ,
Onun sözlərinə görə, cəmiyyətin davamlı inkişafında qadınların, xüsusilə də gənc qızların təhsilə çıxış imkanlarının genişləndirilməsi mühüm rol oynayır. “Bəzən elə düşünülür ki, müəyyən sosial problemlər artıq keçmişdə qalıb. Lakin reallıq göstərir ki, bu məsələlər bu gün də aktuallığını qoruyur və ardıcıl diqqət tələb edir. Regionlarda yaşayan, sosial baxımdan həssas vəziyyətdə olan qızların təhsilə cəlb olunması, onların şəxsi inkişafına dəstək verilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə Bahar Muradova vurğulayıb.
Komitə sədri qeyd edib ki, layihə çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq bu prosesə mühüm töhfə verir. “Bu gün burada təhsil alan gənc qızların sayı, onların bilik və bacarıqlarının inkişafı göstərir ki, düzgün qurulmuş tərəfdaşlıq real nəticələr verir. Universitet mühiti onların dünyagörüşünün formalaşmasında və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır”, – deyə o əlavə edib.
O, həmçinin vurğulayıb ki, qadınların ictimai həyatda fəal iştirakı, xüsusilə çətin dövrlərdə göstərdikləri fədakarlıq tarixən Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyətlərindəndir. “Bu gün də qadınlarımız müxtəlif sahələrdə məsuliyyət daşıyır, ölkənin inkişafına töhfə verirlər. Bu ənənəni qoruyub yaşatmaq və gələcək nəsillərə ötürmək vacibdir”, – deyə Bahar Muradova əlavə edib.
Sonda Komitə sədri qeyd edib ki, bu kimi layihələr qadınların potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə fəaliyyət gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/bahar-muradova-qadinlarin-tehsile-cixisi-ve-ictimai-fealligi-cemiyyetin-inkisafinin-esas-gostericilerindendir