Bahar Muradova: 2025-ci ildə ailə, qadın və uşaq siyasəti sahəsində institusional və hüquqi islahatlar dərinləşdirilib

2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində sistemli və nəticəyönümlü fəaliyyət göstərib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı məlumat verib.
Komitə sədri bildirib ki, hesabat dövründə üç mühüm strateji sənəd qəbul olunub. Bunlar uşaq hüquqlarının həyata keçirilməsinə dair Elektron Məlumat Bankının təşkili və aparılması qaydasının təsdiqi, 2026–2028-ci illər üçün gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı və məişət zorakılığının qarşısının alınması haqqında qanuna edilən mühüm dəyişikliklərdir. Qeyd olunub ki, həmin sənədlər artıq icra mərhələsindədir və real nəticələr verməkdədir.
Bahar Muradova vurğulayıb ki, Dövlət Komitəsi tərəfindən 5 normativ-hüquqi akt layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Onların sırasında Ailə Məcəlləsinin təkmilləşdirilməsi, “Uşaqlıq haqqında” qanun layihəsi, uşaqların zərərli informasiyadan qorunması, məişət zorakılığı üzrə Məlumat Bankının fəaliyyəti və uzunmüddətli mühafizə orderinin rüsumdan azad edilməsi ilə bağlı sənədlər yer alır. Eyni zamanda digər qurumlar tərəfindən təqdim edilmiş 11 normativ sənədə rəy və təkliflər verilib.
Komitə sədri bildirib ki, ötən il ərzində 4 istiqamət üzrə analitik təhlil və tədqiqat aparılıb. Bunlar erkən nikahlar, yetkinlik yaşına çatmayanlar arasında özünəqəsd halları, sosial-iqtisadi amillərin ailə institutuna təsiri və yeniyetmələrin hüquq düşüncəsi ilə bağlı araşdırmalardır.
Hesabat dövründə monitorinq fəaliyyəti də gücləndirilib. Dövlət nəzarəti qaydasında 17 uşaq müəssisəsində (15 dövri, 2 növbədənkənar) monitorinq aparılıb. Nəticələrə əsasən 13 müəssisənin fəaliyyəti qənaətbəxş, 3-ü qismən qənaətbəxş, 1-i isə qeyri-qənaətbəxş qiymətləndirilib. Bütün nəticələr Nazirlər Kabinetinə təqdim olunub.
Bahar Muradova diqqətə çatdırıb ki, Konstitusiya və Suverenlik İli çərçivəsində Komitə və tərəfdaş qurumlar tərəfindən 30 tədbir keçirilib, bu tədbirlərdə 2500-dən artıq iştirakçı yer alıb. Tədbirlərdə qadınların sülh proseslərində rolu, gənclərin milli kimliyi və ailə dəyərlərinin qorunması mövzuları müzakirə edilib.
Ailə siyasəti sahəsində Komitənin təşəbbüsü ilə 5 layihə icra olunub, bu layihələr çərçivəsində 8129 nəfərin iştirakı ilə 90 təlim, seminar və konfrans keçirilib. Ümumtəhsil məktəblərində isə 10 mövzu üzrə 57 maarifləndirici görüşdə 5620 nəfər iştirak edib.
Uşaq siyasəti sahəsində ötən il 10 layihə çərçivəsində 607 təlim, seminar və konfrans təşkil olunub. “Uşaqdan-uşağa”, “Qızlar müzakirəyə qoşulur”, “Oğlanlar müzakirəyə qoşulur”, “Mənim hüquqlarım” təşviqat avtobusu, uşaq kitab festivalı və digər təşəbbüslər uşaqların birbaşa iştirakını təmin edib.
Komitə sədri vurğulayıb ki, uşaqlar yalnız bu günümüz deyil, gələcəyimizdir və bu sahədə görülən işlərin nəticələri uzunmüddətli perspektivdə öz bəhrəsini verəcək. Dövlət Komitəsi bundan sonra da ailə, qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.