Azərbaycan Meksikada keçirilən tədbirdə turizm imkanlarını təqdim edib

Azərbaycan Turizm Bürosu (ATB) 27-30 aprel tarixlərində Akapulko şəhərində keçirilən və Amerika qitəsinin aparıcı turizm platformalarından biri hesab olunan "Tianguis Turistico Mexico 2026" sərgisində iştirak edib.
"The Daily Baku" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Səfər çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid Meksika Hökumətinin Turizm Katibliyinin Təbliğat, İnnovasiya, Dayanıqlılıq və Turizm Peşəkarlığının Artırılması üzrə rəhbəri Miqel Aqinya Rodrigez, eləcə də Meksika Turizm Assosiasiyaları Federasiyasının (FEMATUR) Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Xuan Karlos Arnau Avila ilə ikitərəfli görüşlər keçirib.
Turizm sənayesi nümayəndələri, aviaşirkətlər və beynəlxalq təşkilatlarla baş tutan görüşlərdə Azərbaycan və Meksika arasında turizm əməkdaşlığının inkişaf perspektivləri və qarşılıqlı tərəfdaşlıq imkanları müzakirə olunub.
Aprelin 29-da Meksikanın Dünya İrsi Şəhərləri Milli Assosiasiyası tərəfindən "Tianguis Turístico" çərçivəsində təşkil olunan xüsusi tədbirdə ATB nümayəndəsi Azərbaycanın tarixi, mədəni irsi və müxtəlif turizm imkanları barədə təqdimatla çıxış edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.