Azərbaycan IsDB ilə prioritet layihələrin icrasını müzakirə edib
.jpg)
Azərbaycan ilə İslam İnkişaf Bankı (IsDB) arasında prioritet layihələrin sürətləndirilməsi, dayanıqlı, yüksək təsirə malik nəticələrin əldə olunması ilə bağlı müzakirələr aparılıb.
"The Daily Baku" banka istinadən xəbər verir ki, müzakirələr IsDB-nin prezidenti Məhəmməd Əl-Casir ilə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev arasında görüşdə aparılıb.
Görüşdə İslam İnkişaf Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın dərinliyi bir daha təsdiqlənib.
Məhəmməd Əl-Casir həmçinin 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi üçün Azərbaycana təşəkkürünü bildirib və bankın Azərbaycanın uzunmüddətli inkişaf və artım hədəflərinə dəstəyini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.
2024-cü ilin sonuna IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1 milyard 106 milyon ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.
IsDB Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və bir sıra tədbirlər keçirəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.