The Daily Baku
Ali Fuad Gökçə: Enerji mübarizəsi dəyişir, lakin hidrokarbonlar hələ də oyunun mərkəzindədir
6 yanvar 2026
12:10
.jpeg)
Müasir dünyada enerji siyasətləri sürətlə şaxələnir və bu proses qlobal güclər arasında yeni rəqabət müstəvisini formalaşdırır. Tarixi kontekstdə yanaşdıqda, Birinci Dünya müharibəsinin kömür, İkinci Dünya müharibəsinin isə əsasən hidrokarbon enerji mənbələrinə nəzarət uğrunda aparıldığı aydın görünür. Bu baxımdan enerji resurslarına sahiblik dövlətlərin taleyini müəyyən edən əsas strateji faktor olaraq qalır.
“The Daily Baku” xəbər verir ki, bu fikirləri türk ekspert, Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuad Gökçə səsləndirib.
Onun sözlərinə görə, günümüzdə qlobal mübarizənin yeni mərhələsi kritik minerallar və nadir torpaq elementləri ətrafında formalaşır. ABŞ, Çin və digər aparıcı güclər arasında bu resurslara nəzarət uğrunda rəqabət getdikcə daha açıq xarakter alır. Bu da hidrokarbon enerjisinin əhəmiyyətinin azaldığı anlamına gəlmədyini göstərir.
Ali Fuad Gökçə vurğulayıb ki, kritik minerallar və nadir torpaq elementləri özlüyündə strateji əhəmiyyət daşısa da, onların sənaye məhsuluna çevrilməsi üçün yüksək texnologiyalı istehsal sistemlərinə, bu sistemlərin işləməsi üçün isə məhz neft və təbii qaz kimi hidrokarbon enerji mənbələrinə ehtiyac var. Bu reallıq hidrokarbon enerjisinin qlobal enerji balansında hələ uzun müddət əsas rol oynayacağını göstərir.
Bu kontekstdə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması ölkəni regional və qlobal enerji xəritəsində xüsusi mövqeyə yüksəldir. Ali Fuad Gökçənin fikrincə, Avropa qitəsində müşahidə olunan enerji çatışmazlığı Avropa dövlətlərini strateji baxımdan daha asılı vəziyyətə salır. Maliyyə resurslarının mövcudluğuna baxmayaraq, enerji mənbələrinin məhdudluğu Avropa ölkələrinin müstəqil qərarvermə imkanlarını daraldır.
Ekspert qeyd edib ki, Avropa uzunmüddətli perspektivdə enerji ehtiyaclarını etibarlı şəkildə təmin edəcək, siyasi baxımdan sabit və hidrokarbon resursları baxımından zəngin tərəfdaşlar axtarır. Bu mənada Azərbaycan Avropanın strateji enerji axtarışlarına tam uyğun gəlir.
Ali Fuad Gökçə xüsusilə Azərbaycan qazının Türkiyə üzərindən Avropa bazarlarına çıxarılmasını iki qardaş ölkənin koordinasiyalı və strateji əməkdaşlığının bariz nümunəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu əməkdaşlıq Türkiyə və Azərbaycanın birlikdə hərəkət etməklə Avropa üçün mühüm enerji və təhlükəsizlik aktorlarına çevrildiyini göstərir.
Ekspert vurğulayıb ki, Avropa ölkələrinin son dövrlərdə həm Türkiyə, həm də Azərbaycan siyasətində müşahidə olunan dəyişikliklər xüsusilə enerji təhlükəsizliyi və hərbi təhlükəsizlik prizmasından təhlil edilməlidir. Bu proseslərin fonunda əsas təhlükə iki qardaş dövlət arasında fikir ayrılıqları yaratmaq cəhdləridir.
Ali Fuad Gökçə bildirib ki, imperialist güclərin tarix boyu ən çox istifadə etdiyi mexanizmlərdən biri “böl, parçala və idarə et” siyasətidir və bu baxımdan Türkiyə ilə Azərbaycanın strateji həmrəyliyinin qorunması regional sabitlik üçün həlledici əhəmiyyət daşıyır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ali-fuad-gokce-enerji-mubarizesi-deyisir-lakin-hidrokarbonlar-hele-de-oyunun-merkezindedir