Aİ və Taliban arasında miqrasiya mövzusunda danışıqlar keçiriləcək

"Taliban" hərəkatının nümayəndə heyəti sığınacaq verilməsindən imtina edilmiş şəxslərin Əfqanıstana qaytarılması barədə Avropa İttifaqı (Aİ) ilə danışıqlar aparmaq üçün bu gün Brüsselə gedəcək.
"The Daily Baku" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, Belçika hökuməti görüşdə iştirak etmək üçün nümayəndə heyətinin üzvlərinə bir günlük vizalar verib.
Danışıqlar Aİ-nin taliblərin hökumətini rəsmən tanımamasına baxmayaraq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə səyləri çərçivəsində Avropa Komissiyasının təşəbbüsü ilə təşkil edilib.
KİV-in məlumatına görə, görüşün keçirilməsi qərarı hüquq müdafiə təşkilatları tərəfindən tənqidlərə səbəb olub və onlar Avropa Komissiyasını hərəkat nümayəndələri ilə əlaqələrdən imtina etməyə çağırıblar.
Belçikanın Xarici İşlər Nazirliyindən bildirilib ki, bir günlük beş ədəd viza təhlükəsizliyin qiymətləndirilməsindən sonra ötən gün verilib. Bu vizalar bütün Şengen zonası üçün deyil, yalnız Belçika üçün etibarlıdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.