ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2026-cı il 9–11 fevral tarixlərində Cənubi Qafqaza səfər edəcək. Səfər proqramına 9–10 fevral tarixlərində Ermənistan, 10–11 fevral tarixlərində isə Azərbaycanı ziyarət daxildir. Onu dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.
Bu, 2008-ci ildən bəri ABŞ vitse-prezidentinin Azərbaycana ilk səfəri olacaq. Həmin il vitse-prezident Dik Çeyni Azərbaycan və Gürcüstana səfər etmişdi. Rusiya–Gürcüstan müharibəsindən cəmi bir neçə həftə sonra baş tutmuş səfər ABŞ-ın həm Azərbaycana, həm də Gürcüstanada davam edən strateji marağının olması barədə Moskvaya mesaj kimi qiymətləndirilmişdi.
Cey Di Vensin səfəri də həm təhlükəsizlik siyasəti, həm də iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsünə əlavə impuls verməsi gözlənilir. Düzdür, bir neçə həftə əvvəl imzalanmış ABŞ–Ermənistan birgə bəyannaməsində TRIPP-in əsas parametrləri artıq qeyd olunub. Bununla belə, Ermənistan hələ də Mehri rayonu vasitəsilə Naxçıvana maneəsiz tranzitlə bağlı öz baxışını əks etdirən rəsmi təkliflərini Azərbaycana təqdim etməyib. Vitse-prezident Vensin səfəri bu prosesi sürətləndirə bilər.
Səfər, eyni zamanda, İran ətrafında artan regional gərginlik fonunda baş tutur. Son həftələrdə İranın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər nazirinin müavini Cəlalzadə və müdafiə naziri Nəsirzadə (hər ikisi etnik azərbaycanlıdır) Vensin səfəri ərəfəsində Azərbaycana səfər ediblər. Bundan əlavə, bir neçə gün əvvəl Azərbaycan və İran prezidentləri arasında baş tutmuş teelfon danışığında Prezident İlham Əliyev regional gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bildirib.
Ümumilikdə, vitse-prezident Vensin Cənubi Qafqaza səfəri region üçün xüsusilə həssas bir dövrdə təhlükəsizlik amillərini, regional diplomatiyanı və iqtisadi əlaqələndirmə təşəbbüslərini birləşdirən strateji əhəmiyyət daşıyır.
The Daily Baku redaksiya heyəti
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
