ABŞ Konqresində 907-ci maddənin ləğv edilməsi üçün qanun layihəsi irəli sürülüb

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü xanım Anna Paulina Luna 1992-ci il “Azadlığı Dəstəkləmə Aktı”nın Azərbaycana ABŞ-ın yardımlarını qadağan edən 907-ci düzəlişinin ləğv edilməsi barədə qanun layihəsi irəli sürüb.
ABŞ Konqresinin saytında dərc olunmuş qanun layihəsinin preambula hissəsində Azərbaycanın müstəqilliyini bərpa etməsindən bəri “ABŞ-ın müttəfiqi olması”, sülh və müharibə dövrlərində mühüm dəstək göstərməsi, Cənubi Qafqazda sülhə sadiq olması və Ermənistanla sülhün əldə edilməsi əsas gətirilir və əsas hissədə 1992-ci il Azadlığı Dəstəkləmə Aktının sözügedən maddəsinin ləğv edilməsi müddəası təsbit edilir.
Əsas erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi – ANCA bu qanun layihəsinin əleyhinə kampaniyaya başlamışdır. Frank Pallone və bir sıra digər ermənipərəst konqresmenlər sözügedən qanun layihəsinin əleyhinə çıxış etməklə yanaşı, anti-Azərbaycan xarakterli başqa qanun layihəsi irəli sürüblər. Onların irəli sürdüyü qanun layihəsi 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılmasına dair prezident səlahiyyətinin (presidential waiver) qadağan edilməsini nəzərdə tutur.
Ermənistan və Azərbaycan arasında məhz ABŞ-ın diplomatik təşviqi ilə sülhün bərqərar olunmasından sonra 907-ci hissənin qüvvədə saxlanılması üçün regiondan qaynaqlanan bəhanələr tam aradan qalxıb. Əzəldən ədalətsiz olan 907-ci maddənin saxlanılması nə regiondakı vəziyyətə, nə də ABŞ-ın region dövlətləri ilə münasibətlərinin xarakterinə uyğundur.
Əvvəlki illərdə atılmış addımlardan fərqli olaraq, hazırkı qanun layihəsinin qəbul edilmə ehtimalı daha yüksəkdir. Ümid etmək qalır ki, bu məsələ ABŞ-da respublikaçılar və demokratlar arasında siyasi mübarizənin predmeti olmayacaq.
The Daily Baku redaksiyası
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.