ABŞ-ın vitse-prezidenti: TRIPP layihəsi regionda tarixi transformasiya yaradacaq

TRIPP layihəsi regionda tarixi transformasiya yaradacaq.
“The Daily Baku”nun AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Ermənistana səfəri zamanı ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
O qeyd edib ki, layihə bu bölgədə ticarət, tranzit və enerji axınları baxımından tamamilə yeni imkanlar açacaq.
“Bu təşəbbüs Ermənistanla qonşu ölkələr arasında misli görünməmiş əlaqələr formalaşdıracaq. Bu isə davamlı sülh üçün olduqca mühüm addımdır, qarşılıqlı iqtisadiyyatların və enerji sektorlarının inkişafına təkan verəcək və regionda uzunmüddətli sabitliyin təmin olunmasına şərait yaradacaq”, – deyə o vurğulayıb.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, həmçinin, Ermənistanda TRIPP fondunun yaradılacağını açıqlayıb.
Onun sözlərinə görə, bu fond vasitəsilə özəl kapitalın böyük hissəsi dəmir yollarının və boru kəmərlərinin tikintisinə cəlb ediləcək, bu da regionun rifahının artırılmasına, eyni zamanda sülh sazişinin dayanıqlılığının möhkəmləndirilməsinə xidmət edəcək qarşılıqlı əlaqələrin qurulmasına imkan verəcək.
Vens bildirib ki, TRIPP layihəsi ilə maraqlanan həm region ölkələrində, həm də dünyanın müxtəlif yerlərində olan tərəfdaşlarla aparılan danışıqlar zamanı bu təşəbbüsün olduqca cəlbedici investisiya imkanı kimi dəyərləndirildiyi aydın görünür.
O əlavə edib ki, prosesin sürətləndirilməsi üçün artıq kifayət qədər vaxt sərf olunub.
“ABŞ bu məsələdə müsbət və konstruktiv rol oynayacaq. Lakin düşünmürəm ki, əsas məsələ maliyyə ilə bağlıdır. Hesab edirəm ki, bu konkret layihəyə artıq kifayət qədər böyük həcmdə kapital marağı mövcuddur”, – deyə vitse-prezident qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.